"Azərbaycan çempionatı çox çətin turnirdir. Orada 10 komanda iştirak edir, çempionat dörd dövrədə keçirilir".
Newsport.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Murad Musayev Rusiyanın "Moskovski komsomolets" qəzetinə verdiyi geniş müsahibədə deyib. Azərbaycan Premyer Liqası barədə danışan rusiyalı mütəxəssis çempionatın gedişi barədə ətraflı məlumat verib.
"Bütün komandalar arasında “Qarabağ” fərqlənir. Ardıcıl səkkiz ildir avrokubokların qruplarında oynayır. Son iki ildə komanda əla nəticələr göstərərək Avropada yaz mövsümünə adlayır. Digər top klub “Neftçi”dir. Böyük ənənələrə və yaxşı imkanlara malik klubdur. Daha bir neçə kifayət qədər güclü, təxminən eyni səviyyəli komandalar mövcuddur - "Sabah", "Qəbələ", "Zirə"".
M.Musayev bildirib ki, bu mövsüm "Qarabağ"ın yenidən çempion olacağı ehtimalı var: “Neftçi” ilə ikinci və ya üçüncü yer üçün oynayacağıq. Eyni zamanda, istənilən halda “Sabah” növbəti mövsümdən avrokuboklarda çıxış edəcək. Bu, Azərbaycanın yüksək futbol liqasının hekayəsidir".
Musayev deyib ki, o, 2021-ci ilin oktyabr ayının sonunda “Sabah”ı qəbul edəndə komanda sonuncu yerdə idi: "Hamı bizimlə açıq futbol oynayırdı. Və bu, mənim xoşuma gəldi. Hücuma qarşı hücum. Sonra nəticələrimiz yaxşılaşmağa başladı. Cari mövsümdə bir çox komanda buna görə bizə qarşı daha diqqətli, yaxın oynayır. İndi mənim vəzifəm belə sıx müdafiəyə qarşı necə hərəkət etməkdir. Cədvəlin “aşağı beşinci” komandaları ilə oynayırıqsa, onda hər şey mövqe hücumlarına düşür. Turnirin liderləri ilə oynayanda matçlar daha açıq, hücuma hücumla keçir".
M.Musayev bildirib ki, "Sabah"ın güclü tərəfləri motivasiya, nizam-intizam və yüksək sürətlə görülən çoxlu işdir: "Təzyiq, pressinq və müdafiədən hücuma sürətli keçid. Əgər bunu yaxşı etsək, bizə qarşı oynamaq istənilən rəqib üçün çətindir. 90 dəqiqə təzyiq altında qalmaq ağırdır. Ona görə də futbolçuları düzgün hazırlamaq, düzgün söz tapmaq çox vacibdir. Hər oyunda onlardan maksimum yararlanmalıyıq".