Xorvatiya çempionatında sona 8 tur qalmış lider Zaqreb “Dinamo”su ən yaxın izləyicisi Split “Hayduk”unu 9 xal qabaqlayır.
Newsprot.az saytı xəbər verir ki, yerli mətbuat hər iki komandanın Çempionlar Liqasının (ÇL) 2023-14 mövsümündə mümkün rəqibləri ilə bağlı araşdırma aparıb. Böyük ehtimalla növbəti mövsüm çempion kimi, Xorvatiyanı Çempionlar Liqasında “Dinamo” təmsil edəcək. II təsnifat mərhələsindən mübarizəyə başlayacaq komandanın qrupa gedən yolunda arzuolunan və arzuolunmaz mümkün rəqiblər sıralanıb.
Xorvatiyalılar II raundda “Linkoln”u (Cəbəllütariq), III mərhələdə “Astana”nı (Qazaxıstan), pley-offda isə “Qarabağ”ı “Dinamo”ya rəqib qismində görmək istəyirlər. Onların fikrincə, bu, zaqreblilər üçün ən asan yol olar və komanda adıçəkilən rəqibləri üstələyərək, qrupa vəsiqə qazanar.
“Dinamo” üçün arzuolunmaz komandalar isə ÇSKA (Sofiya, Bolqarıstan), “Panatinaikos” (Yunanıstan) və “Genk”dir (Belçika).
Qeyd edək ki, Azərbaycan Premyer Liqasının qalibi növbəti mövsüm ÇL-in I təsnifat mərhələsindən yarışa başlayacaq. 29 turdan sonra ölkə çempionatına liderlik edən “Qarabağ” (77 xalla) ən yaxın izləyicisi “Sabah”ı 12 xal qabaqlayır.