“Sabah”la “Beşiktaş” arasında planlaşdırılan xeyriyyə matçının dəqiq vaxtı müəyyənləşməyib. Türkiyədə zəlzələdən əziyyət çəkənlərə yardım məqsədi ilə təşkil olunması nəzərdə tutulan oyunla bağlı danışıqlar davam edir.
Newsport.az xəbər verir ki, martın 26-da Bakıda keçirilən “Qarabağ” – “Qalatasaray” oyunu ilə eyni vaxtda qardaş ölkələrin digər komandalarının da üz-üzə gələcəyi haqda söhbətlər ortaya çıxmışdı. Hələ o zaman tərəflər müzakirələr apardığını bildirmişdilər.
Əslində, “Sabah”la “Beşiktaş” arasında xeyriyyə oyunu aprelin 3-cü ongünlüyünə nəzərdə tutulmuşdu. Bakılıların həmin vaxt üçün təqvimdə boş günü var. Ölkə kubokunda mübarizəni dayandıran “Sabah” digər komandalar yarımfinal matçlarına çıxan vaxt belə bir matç keçirə biləcəyini bildirib. “Beşiktaş” isə aprel ayı boyunca Türkiyə Super Liqa matçlarından azaddır. Bu səbəbdən tərəflər məhz bu ay üz-üzə gəlməyi düşünürdü.
Dünən bəlli oldu ki, İstanbul nəhəngi ayın 12-də Madrid “Atletiko”sunu qəbul edəcək. Oyundan gələn gəlir Türkiyədə fevralın 6-da baş verən zəlzələdə zərərçəkənlərə yardım üçün göndəriləcək. Belədə “Sabah”la matçın baş tutması şübhə altına düşür. Lakin Masazır təmsilçisindən mətbuat xidmətinin rəhbəri Elnur Həmidov bizə bildirdi ki, “Beşiktaş”la xeyriyyə matçının keçirilməsi ilə bağlı danışıqlar hələ də davam edir: “Əsas məsələ qarşılaşmanın hər iki kluba uyğun təqvimdə keçirilməsidir. Bu məsələ ilə bağlı hər hansı yenilik olsa, ictimaiyyətə məlumat veriləcək”.