"Höccət Haqverdini milliləşdirmək Azərbaycan futbolu adına təhqirdir"

De Byazinin Avstriya milli komandası ilə oyunda heyət seçimi birmənalı qarşılanmayıb. Heyət düzgün qurulsaydı, biabırçı məğlubiyyətin olmayacağını iddia edənlər də var. 

De Byazinin müzakirəyə açıq seçimlərindən biri də Höccət Haqverdidir. İranlı futbolçu mərkəz müdafiəçisi kimi milliləşdirilsə də, italiyalı mütəxəssis onu sağ cinahda oynadır. Bu mövqeyə "Qəbələ"dən Məqsəd İsayev, "Sabah"dan Amin Seydiyev və Tellür Mütəllimov, "Şamaxı"dan Rauf Hüseynli kimi oyunçuları dəvət etməyin mümkünlüyünü nəzərə alsaq,  De Byazinin israrla sağ cinahda  Höcətə şans verməsi anlaşılmaz qalır.

Newsport.az-ın məlumatına görəmövzu ilə bağlı futbol agenti Səbuhi Səfiyarlının fikirlərini öyrəndik. Sportal.az saytına danışan menecer Höcət Haqverdinin millidə oynamasını biabırçılıq kimi dəyərləndirdi:

"Dünya futbolunda ən asan mövqelərdən biri sağ cinah müdafiəçisidir. Bu mövqedə oynayan futbolçudan tələb olunanlar digər mövqelərlə müqayisədə daha azdır. Sol ayaqlı futbolçular az olduğu üçün sol cinah müdafiəçisi daha az olur. Bizim futbolda müdafiənin sağı cinahı ilə bağlı heç vaxt problem olmayıb. Millidə bu mövqedə heç vaxt legioner oynamayıb. Klublarımızda belə, sağ cinah müdafiəçiləri yerli oyunçulardır. Hətta çempionatda 21 yaşdan aşağı futbolçu oynatmaq məcburiyyəti olanda da, bu limit məhz sağ cinah müdafiəçisi ilə doldurulurdu.

Bu mövqeyə İrandan oyunçu gətirmək Azərbaycan futbolunu dəfn etməkdir. Bura o qədər də dəhşətli keyfiyyətlər tələb edən, çox çətin tapılan mövqe deyil ki, özümüzdə ora üçün futbolçu tapmayaq və xaricdən adam gətirək. Üstəlik, Höccət kimi futbolçunu gətirmək ümumiyyətlə biabırçılıqdır. Marko Veşoviç səviyyəsində müdafiəçi olsaydı, onu milliləşdirməyi başa düşmək olardı. Höccət Haqverdini milliləşdirmək Azərbaycan futbolu adına təhqirdir. Avstriya ilə matçda cinah müdafiəçisi üçün mənfi hesab edilən bütün hallar Höccətin başına gəldi. Arxasına oyunçu qaçırdı, başının üstündən top keçirdi, heç bir epizodda düzgün ötürmə verə bilmədi, cərimə etməməli epizodlarda cərimə etdi. O səviyyədə oyunçunu İrandan gətirib pasport vermək biabırçılıqdır. Azərbaycana heç bir bağlılığı olmayan birinə pasport vermək isə ikiqat biabırçılıqdır. Azərbaycan çempionatında oynayan sağ cinah müdafiəçilərinin heç biri millinin oyununa bu qədər mənfi təsir etməyəcək. Höccətə görə pul xərcləyib onu milliləşdirmək Azərbaycan futbolunu təhqir etməkdir.

Digər tərəfdən baxsaq, Höccət Haqverdi mərkəz müdafiəçisi kimi milliləşdirilmişdi. Bu o vaxt baş vermişdi ki, həmin mövqedə axsama var idi. Bədavi Hüseynov və digər futbolçular zədəli idi, bəziləri formada deyildi. Həmin vaxt dedilər ki, mərkəz müdafiəçisi mövqeyində problem var və Höccət buna görə milliləşdirilib. "Sağ olsun", bir neçə oyunda böyük hesabla məğlub olmağımıza səbəb oldu. Bizim formada olmayan bütün oyunçularımız qayıtdı və Höccətə heyətdə yer tapılmadı. O, Bəxtiyar Həsənalızadədən də zəifdir. Güclü olsaydı, müdafiənin mərkəzində o oynayardı. Höccət artıq mərkəz müdafiəçisi kimi lazım deyil, ona başqa yer axtarmalı oldular və sağ cinah müdafiəçisi kimi oynatmağa başladılar. O, bizim müdafiəçilərdən zəifdirsə, nə məcburdu oynadırlar? Əslində, Höccətin niyə oynamalı olduğunu bilirəm. Adamlara elə imtiyazlar verilib ki, o mövzulara girmək istəmirəm. Sadəcə ayıbdır. Ona görə girmək istəmirəm. Azərbaycan bayrağının hallandığı yerlərdə şəxsi münasibətlərə görə millini qurban vermək olmaz".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right