"Çətin qrupa düşmüşük. Ancaq bizi güclü rəqiblərə qarşı əla oyunlar gözləyir”.
Newsport.az-ın məlumatına görə, bu sözləri "Qarabağ”ın hücumçusu Raydell Pupon deyib.
Avropa Liqasının qrup mərhələsinin püşkünü dəyərləndirən hollandiyalı forvard Hollandiya mətbuatına açıqlamasında qrupdan çıxmaqdan dəm vurub: "Qrupdan çıxmaq şansımız var. Rəqiblərimiz güclüdür, ancaq necə deyərlər, top yumrudur, meydan isə düz. Hər şey ola bilər".
Pupon 2006-2008-ci illərdə "Ayaks"da çiyin-çiyinə oynadığı Tobi Alderveyreld və Yan Vertongeni də xatırlayıb. O, hazırda "Tottenhem"də çıxış edən Belçika yığmasının 2 müdafiəçisi ilə qarşılaşmağı səbirsizliklə gözləyir: ""Tobi və Yanla mütləq bu barədə danışacağam. Futbolun sirlərinə birgə yiyələndiyim bu 2 futbolçu ilə meydanda qarşılaşmağı səbirsizliklə gözləyirəm".
Hollandiyalı forvard "Anderlext"lə Belçikadakı oyunda ailəsindən və dostlarından dəstək gözlədiyini də qeyd edib: "Düşünürəm ki, Belçikadakı oyunda çoxlu dostlarım və ailə üzvlərim stadionda olacaq. Belçika Hollandiya ilə qonşu olduğundan hər halda, onlar oyunuma baxmağa gələcək. Bu isə mənə əlavə güc verəcək”.
Qeyd edək ki, J qrupunda qərarlaşan "Qarabağ" "Anderlext" (Belçika), "Tottenhem" (İngiltərə) və "Monako" ilə mübarizə aparacaq.