Şahin Diniyev: "Bu oyun irəliyə nikbin baxmağa ümid verir"

"Səbail" Azərbaycan Premyer Liqasının 27-ci turunda doğma meydanda "Turan Tovuz"la 1:1 hesablı heç-heçə edib.

Newsport.az-ın məlumatına görə, qarşılaşmadan sonra təşkil olunan mətbuat konfransında "dənizçilər"in baş məşqçisi Şahin Diniyev jurnalistlərin suallarını cavablandırıb:

- Bu gün yaxşı oyun izlədik, Premyer Liqaya layiq futbol var idi. Hər iki komanda qələbə qazanmaq istəyirdi. Hücumların, qol epizodlarının sayı çox idi. Qələbə qazansaydıq, ədalətsiz nəticə olmazdı. Bizim qol fürsətlərimiz daha çox oldu. İtirəcəyimiz bir şey yoxdur. Ona görə də qələbə bizim üçün çox vacib idi. Amma 1 xal da qızıla bərabərdir. Ümid edirəm ki, bugünkü 1 xal may ayında bizim üçün çox dəyərli olacaq. Uğursuz nəticələrdən sonra komanda bu gün öz oyununa qayıtdı. Hazırda olduğumuz durum futbolçuların üzərində psixoloji təzyiq yaradır. Məndə də, oyunçularda da uduzmaq qorxusu, xofu var. Bu, tezliklə keçəcək. 14 günlük fasilədən səmərəli istifadə etməyə çalışacağıq. Zədədən qayıdan futbolçular pik formada deyillər. Fasilədən sonra dördüncü dövrəyə daha inamlı başlayacağıq. "Turan Tovuz" çox yaxşı müdafiə olunur, əks-hücumlarda təhlükəlidir. 

- Mirabdulla Abbasova niyə şans vermədiniz?
- Paltardəyişmə otağında dedim ki, ola bilər düşdüyümüz duruma görə səhv qərarlar verə bilərik. Amma bunun sırf səhv olduğunu deməzdim. Kizito aqressiv futbolçudur. "Qarabağ"la matçda 3 qol epizodu yaratmışdı. Bunu nəzərə alaraq onu meydana buraxdım. Mirabdulla üçün boş zona lazımdır. "Turan Tovuz" un müdafiəyə çəkilməsi boş zona yaratmır. Müdafiəni yarmaq üçün texniki cəhətdən daha hazırlıqlı olan futbolçu lazım idi. Buna görə də Kizito və Ağabala Ramazanovdan istifadə etdik. Mən belə düşündüm. Addımıma görə peşman deyiləm.

- Qustavo de Fransa çox sarı vərəqə görür. Onunla bu barədə danışmısız?
- Sürəti çatmayanda qaydanı pozur. Hakimi vurmayıb, rəqibi təhqir etməyib.  Oyun epizodlarında olan şeylərdir. Hər futbolçu kimi Qustavoya da inamım böyükdür. 

- Oyundan-oyuna çempionatda qalmağa inamınız azalmır?
- Əksinə. Bu oyun irəliyə nikbin baxmağa ümid verir. Hücumda böyük potensialımız var. Futbolçular fiziki olaraq hazır formaya düşəndən sonra daha çox hücum edib, qollar vuracağıq. "Sumqayıt"la matçdan sonra soruşsaydınız, bəlkə də sualdan yayınardım. Amma bu gün yayınmıram. "Turan Tovuz" sıradan komanda deyil, müdafiədə mükəmməl oynayırlar. Belə müdafiəni bir neçə dəfə yarmaq hər komandanın işi deyil. 

- Turan Manafov uzun müddətdən sonra oynamağa başlayıb. Oyun haqda fikirləriniz necədir?
- Turan perspektivli futbolçudur. "Şamaxı" ilə matçdan öncə zədələndi, uzun müddət müalicə aldı. Bundan sonra onun mövqeyində oynayan Stasyuk da zəif deyildi. Risk etməyə qorxurduq. Oyun praktikası yığdıqca əvvəlki Turan olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right