"Avropa çempionatının final mərhələsində iştirak etmək istəyirik. Amma asan olmayacaq. Çünki qrupda Avstriya, Belçika, İsveç, həmçinin Azərbaycan kimi güclü komandalar var".
Newsport.az-ın məlumatına görə, bunu Estoniya millisinin baş məşqçisi Tomas Heberli AVRO-2024-ün seçmə mərhələsindəki rəqibləri dəyərləndirərkən deyib.
49 yaşlı mütəxəssis tsiklə sürpriz etmək məqsədilə başlayacaqlarını bildirib: "Əvvəlki illərlə müqayisədə daha yaxşı və sabit inkişaf yolu keçmişik. Əlbəttə, qrup oyunları cəhənnəm qədər çətin olacaq. Lakin biz özümüzə, güclü tərəflərimizə inanırıq və oyundan-oyuna inkişaf edirik".
Qeyd edək ki, Azərbaycan və Estoniya arasında ilk oyun iyunun 17-də Bakıda, ikinci görüş isə oktyabrın 13-də Tallində gerçəkləşəcək.