“Qarabağ”ın prezidenti Tahir Gözəl bu gün komandasının UEFA Konfrans Liqasının 1/16 final mərhələsində Belçikanın “Gent” klubuna qarşı keçirəcəyi oyundan danışıb.
Newsport.az xəbər verir ki, o, bunları deyib:
“Əvvəlcə qardaş Türkiyədə baş vermiş faciə ilə bağlı türk xalqına başsağlığı verirəm, yaralılara Allahdan şəfa diləyirəm. Hadisənin ilk dəqiqələrindən etibarən başda Prezident İlham Əliyev olmaqla bütün Azərbaycan xalqı Türkiyəyə dəstəyini əsirgəmədi. Maddi durumundan asılı olmayaraq hər kəs hər hansı bir şəkildə yardım etməyə çalışdı. Yardım kampaniyalarından olan görüntüləri izlədikcə həm duyğulandım, həm də qürur hissi keçirdim.
Başda Prezidentimiz olmaqla bütün dünyaya Türkiyə və Azərbaycan qardaşlığının əbədi olduğunu bir daha göstərdik. Hər zaman Türkiyənin yanındayıq. Təəssüf ki, oyunumuz belə ağır günlərə təsadüf edir. Bu gün oyundan əvvəl zəlzələ qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək. Əminəm ki, azarkeşlərimiz də qardaş ölkəni unutmayacaq, onlara 90 dəqiqə ərzində dəstək olacaqlar. Oyuna gəlincə, mən komandama inanıram. İnanıram ki, çətin günlərimizdə xalqımıza təssəlli olan “Qarabağ” bu gün də öz oyunu və qələbəsi ilə az da olsa azarkeşlərimizi sevindirəcək.