Belçika mətbuatında yerli komanda "Gent"in Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"a qarşı keçirəcəyi oyunlarla bağlı məqalələr yayımlanıb.
Newsport.az xəbər verir ki, məqalələrdə Ağdam təmsilçisinin güclü və zəif tərəfləri qeyd olunub.
"Voetbalprimeur" portalının hazırladığı məqalədə yazılıb: "Qarabağ"ın ilk üstünlüyü Azərbaycanın coğrafi mövqeyidir. 3500 kilometrdən çox uçuş və üç saatlıq vaxt fərqi..."Gent" bunun öhtəsindən gəlməlidir. Əlbəttə ki, məsafə və saat fərqi hər iki tərəf üçün eyni şəkildə işləyir. Amma təcrübə göstərir ki, Qərbi Avropa komandaları bundan daha çox əziyyət çəkirlər. Deyəsən, "Gent"in indiki şüarı "Azərbaycanda yaxşı çıxış etmək, başladığımız işi evdə başa çatdırmaq"dır.
Bundan əlavə, Hayn Vanhazebruk "Qarabağ"dan iki nəfərin oyununu xüsusi qeyd edib: Musa Qurbanlı və Ramil Şeydayev. Müvafiq olaraq yerli çempionatda 16 və 15 qolu olan bu hücumçu dueti Premyer Liqanın qollarının yarısından çoxunu vurublar. Onlara mütləq diqqət etmək lazımdır!
"Qarabağ"ın zəif cəhətlərə gəlincə, "Gent"in üstünlüyü fərdi istedadlarının olmasıdır. Nəhayət, azərbaycanlıların Konfranslar Liqasındakı xatirələri pisdir. "Qarabağ" keçən il fevral ayında Fransanın "Marsel" komandasına uduzaraq avrokubokla vidalaşmışdı. "Gent" bu acı təcrübəni onlara yenidən yaşatmalıdır".
Daha əvvəl isə Belçikanın "Walfoot" nəşrində "Qarabağ" barədə yazı dərc edilib.
Qeyd edək ki, "Qarabağ" və "Gent" arasında ilk matç bu gün olacaq. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 21:45-də başlayacaq. Bu komandalar arasında cavab qarşılaşması fevralın 23-ü Belçikada oynanılacaq.