"Huner Group"un təsisçisi Ehtiram Quliyev "Turan Tovuz"la imzalanan rəsmi müqavilədən sonra jurnalistlərə müsahibə verib.
Newsporr.az xəbər verir ki, o, kluba sponsorluq etməklərindəki məqsədlərdən söz açıb.
- Bu sponsorluğun uşaq futboluna təsiri necə olacaq?
- Bizim sponsorluğumuz uzun müddət üçün planlaşdırılıb. İlkin mərhələdə 4,5 illik müqavilə imzalamışıq. Öncəliyimiz akademiya olacaq. Nəticələr ictimaiyyət üçün çox önməlidir. Amma əsas diqqətimiz akademiyada olacaq. Nəticələri gələcəkdə görəcəyik.
- Hər sponsor komandanın qarşısına məqsəd qoyur. "Turan Tovuz"un qarşısına hansı məqsədi qoymusuz?
- Pilləli inkişaf planı əsas işimizdir. Biz gələn kimi hər şey həll olunmur. İdman nailiyyətləri daha sonra düşünülməli olan işdir. Əsas məqsədimiz struktur qurmaqdır. İdman nailiyyəti də gələrsə, çox gözəl.
- Sponsor olaraq şirkətinizdən klub rəhbərliyində kimsə təmsil ediləcək?
- İki üzvümüz İdarə Heyətində təmsil olunacaq. Özümüz də, qəlbimiz də, ruhumuz da "Turan Tovuz"un yanıdadır, Hələ ki, belə qərar vermişik. Gələcəkdə necə olacağını görəcəyik.
- Komandanın avtobusu yoxdur. Bu məsələdə dəstək olacaqsız?
- Təbii ki. Buradan azarkeşlərə səslənirəm. Onları "Turan Tovuz 100k" layihsəinə dəstək olmağa dəvət edirəm. Əgər mövsümün sonunda məbləğ çatmasa, biz də dəstək olacağıq.
- Çox şirkət klublara sponsorluq edib, amma uğursuz alınıb. Bu mövzuda narahatlığınız yoxdur?
- Təii ki, bu, futboldur. İdman nailiyyətə yanlız idarəetmə ilə olmur. Biz nəticələr üçün buraya gəlməmişik. Əgər klubumuz birinci diviziona düşsə belə, müqaviləmiz qüvvədə qalacaq. Bu, könül işidir. Əlimizdən gələni edəcəyik.
- Digər iş adamlarına futbola sponsorluq etməklə bağlı çağırışınız var?
- Bəzi dəyərlər ölçülə bilmir. Bu sponsorluq könül işidir, burada qarşılıq güdülmür. Digər şirkətlər də ümid edirəm ki, futbola sponsorıluq edəcəklər, əllərini daşın altına qoyacaqlar.
- Stadionda tablo və projektor problemi var. Bu, nə vaxt həll olunacaq?
- Ən qısa zamanda bu işlərlə bağlı tədbirlər görüləcək. Amma maliyyə imkanlarına da baxmaq lazımdır. Haqlı mövzuya toxundunuz. Amma daha yaxından tanış olduqda gördüm ki, bundan da vacib məsələlər var.
- "Qarabağ"a "Azersun" şirkəti uzun illərdir sponsorluq edir və artıq bunun bərhəsini görürlər. Sizin səbriniz çatacaq?
- Məhz buna görə müqaviləni 4,5 illik imzaldıq. Zaman hər şeyi göstərəcək. Uzunmüddətli yanaşmamız olacaq. Məsələləri köklü həll etmək lazımdır. "Qarabağ"ın çox gözəl ənənəsi var. Bu da uzun müddətli planın nəticəsidir.
- Tovuzlu olmasaydınız, "Turan Tovuz"a sponsorluq edərdiniz?
- "Turan Tovuz"u seçməyimizin əsas səbəbi adıdır. Bu, sadəcə adı deyil, bir fəlsəfədir, vizyondur. Tovuzlu olmasaydım da, çox gümanki yenə seçərdim.