Bu gün "Turan Tovuz" klubu ilə "Huner Group" arasında tərəfdaşlıq müqaviləsi imzalanıb.
Newsport.az xəbər verir ki, Şirkət Qərb təmsilçisinin əsas sponsoru olacaq. Tədbirin gedişində klubun rəsmiləri mətbuata açıqlamalar verib. Öncə klubun İdarə Heyətinin sədri Rəşid Məhərrəmov "Turan Tovuz"un Azərbaycan futbolundakı önəmindən söz açıb:
"Tovuz Azərbaycanın futbol bölgələrindən biridir. Burada çox futbolçular yetişib. SSRİ dövründə ölkənin ən böyük klubu "Neftçi" olub. Həmin vaxt "Neftçi"də xeyli tovuzlu futbolçular çıxış edib. Müstəqillik dövründə də Tovuzda futbol inkişaf edib. 1991-ci ildə Azərbaycanın ilk müstəqil futbol klubu Tovuzda yaranıb. 2011-ci ildə "Turan" aşağı liqaya düşəndən sonra Tovuzda futbol zəifləməyə başladı. Nəhayət ki, 2020-ci ildə "Turan Tovz" Futbol Akademiyası yarandı. Hazırda burada 25-dən çox uşaq futbolun sirrlərini öyrənir. "Turan Tovuz" 9 ildən sonra Premyer Liqaya yüksəldi. Az müddət ərzində ortabab komandalardan birinə çevrildik. "Turan Tovuz"un çempionatda 6-cı yerdə olması, kubokda yarımfinala yüksəlməsi buna sübutdur.
Bu yaxınlarda Tovuz futbol ictimaiyyəi sevindirici xəbər aldı. Ehtiram Quliyevin rəhbərlik etdiyi "Huner Group" komandamıza sponsorluq etmək istədi. Mən əminəm ki, komandamız yenidən əvvəlki əzəmətini qaytaracaq və avrokuboklarda çıxış edəcək".
Ardınca isə "Turan Tovuz"un təsisçisi Vidadi Əhmədov belə danışıb: "Bütün "Turan Tovuz" camiəsini təbrik edirəm. Xeyirli, uğurlu olsun. Bizə "Turan Tovuz"un yaşaması lazımdır. Azərbaycanda futbolla ələqəli ilklər Tovuzdan başlayıb. Xoşbəxtlikdən bizim yaratdığımız klub ilk dəfə Azərbaycan çempionu oldu, avrokuboklarda iştirak etdi. Bu gün belə sponsorların olması, futbola sahib çıxması çox sevindiricidir. Ehtiram Quliyevə, "Huner Group"a təşəkkür edirəm. Futbolda qələbə də olur, eniş də olur. Arzu edirəm ki, heç vaxt həvəsdən düşməyəsiz. Əgər uğursuzluq baş versə, bunlardan dərs çıxarmaq lazımdır".
FİF-in icraçı direktoru Tural Piriyev isə "Huner Group"la imzalanan müqavilənin komanda işi olduğunu bildirib: "Futbolun İnkişafı Fondunun dəstəyi ilə imzalanan bu müqavilə komanda işidir. Futbolun çox böyük sosial-iqtisadi faydaları var. FİF-in üzvü, millət vəkili Qənirə Paşayevaya təşəkkür edirəm. "Huner Group"un rəhbəri Ehtiram Quliyevlə yaydan bu sponsorluqla bağlı danışıq aparırdıq. Ümid edirəm ki, bu tərəfdaşlıq digər bölgələrimizə də bir stimul olacaq. FİF olaraq bizim üçün klubların nəticəsi o qədər də önəmi deyil. Bizim üçün vacib olan klubların dayanıqlı, uzunömürlü olmasıdır. Ümid edirəm ki, "Turan Tovuz" Azərbaycanda nümunəvi bölgə klubuna çevriləcək".
Sonda isə "Huner Group"un təsisçisi Ehtiram Quliyev "Turan Tovuz"la əldə edilən razılaşma üçün klub rəhbərliyinə və yerli icra hakimiyyətinə təşəkkürünü bildirib: "Qardaş Türkiyədə baş vermiş faciə ilə bağlı dərin hüzn içindəyik. Cənab Prezidentimizin çağırəışından sonra kütləvi şəkildə yardım kampaniyalarına qoşulduq. “Huner Group”, fiziki olaraq Ehtiram Quliyev dəstək olmağa çalışdıq. Tədbirimiz əvvəldən planlaşdırılmışdı. AFFA rəhbərliyin, FİF-ə, rayon icra hakimiyyəti rəhbərliyinə təşəkkür edirəm. Klubda yaradılmış şərait bizi çox qane etdi. “Turan Tovuz” idarəçiliyi uzun müddətdir, burada fəaliyyət göstərir. Dövlətin dəstəyi ilə klub yenidən Premyer Liqadadır. Yaydan FİF-lə danışıqlara başladıq. Tərəddüdlərimiz, suallarımız var idi. Yorulmadan suallarımızı cavabladılar. Bura yığışmağımızda böyük əmək FİF-ə düşür. Onlara təşəkkür edirəm. İqtisadiyyatımız, ölkəmiz güclənir. Bu gün sponsor şirkətlərimiz yaranır. 1992-ci ildə, o çətin şəraitdə rayonda klub yaradılıb. Vidadi müəllimin adı tarixə qızıl hərflərlə yazılıb. Bir azarkeş olaraq bunu heç zaman unutmayacağıq. Hər birinizə təşəkkür edirəm".