21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması 2025-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində İngiltərə, Ukrayna, Serbiya, Lüksemburq və Şimali İrlandiya ilə mübarizə aparacaq.
Newsport.az-ın məlumatına görə, millinin baş məşqçisi Samir Əliyev bu raunddakı rəqiblərlə bağlı fikirlərini bildirib. Futbolpress.az saytına danışan mütəxəssis sona qədər döyüşəcəklərini bildirdi:
"Vaxtımız var. Mart və iyunda yoldaşlıq oyunları olacaq. Bu matçlarda komandanın potensialına baxacağıq, oyunçuları izləyəcəyik. Rəqiblərin gücü bəllidir. Hər oyuna arzu, istəklə çıxacağıq. Sona qədər döyüşüb, mübarizə aparmağa çalışacağıq.
Səbətləri bilirdik. Reytinqə uyğun komandalar düşürdü. Təxminən belə bir qrup olacağını fikirləşirdik. Sürpriz olmadı. Daha pis püşk ola bilərdi. Reytinqdə bizdən üstün olan komandalardır. Bu qrupdan da çətininə düşə bilərdik. Serbiya, Ukrayna, İngiltərə mütəmadi Avropa çempionatında oynayan komandalardandır. Buna baxmayaraq, istəyimiz, motivasiyamız olacaq".
Əliyev rəqiblərin reytinqdə onlardan üstün olmasına baxmayaraq, şanslarının olduğunu söylədi. O, futbolu gözlənilməz oyun adlandırdı və hər rəqiblə mübarizə aparmağın mümkünlüyünü qeyd etdi:
"Yerində sayan ölkə yoxdur. Hər yığma inkişaf edir. Biz də çalışırıq, inkişaf emək istəyirik. Hər rəqiblə mübarizə aparmaq olar. Oyunlar vaxtı komandanın, futbolçuların durumundan çox şey asılı olacaq. Milliyə namizəd olan oyunçular bunları bilir.
Məşqçi kimi çox istərdim ki, İngiltərə, Serbiya, Ukrayna kimi komandalardan xal və ya xallar alaq. Mümkündür, hər şey ola bilər. 1 faiz belə şansımız olsa, dəyərləndirməyə çalışacağıq. Futbol gözlənilməzlər oyunudur".
Azərbaycan yığması qrupda ilk oyununu bu ilin sentyabrında səfərdə Serbiyaya qarşı keçirəcək.