Rəşad Sadıqov: "Qurban Qurbanovun məşqçiliyi mənim üçün kitabdır"

"Zirə" Azərbaycan Premyer Liqasının 21-ci turu çərçivəsində doğma meydanda "Qəbələ" ilə 2:2 hesablı heç-heçə edib.

Newsport.az-ın məlumatına görə, matçdan sonra keçirilən mətbuat konfransında paytaxt təmsilçisinin baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb:

- Yaxşı oyunlarımızdan birini keçirdik. Artıq şərh etmək üçün adam söz tapmağa çətinlik çəkir. Növbəti asan qolumuzu buraxdıq. Buna baxmayaraq futbolçular yaxşı reaksiya verdilər və böyük istəklə irəli atıldıq. Oyunun gedişatını dəyişdik, qol vurduq, penalti qazandıq, qol epizodlarımız oldu. Hücumlarımız ikinci yarıda da davam etdi. Sonlara yaxın "Qəbələ" bir anlıq müdafiədə buraxdığımız səhvdən istifadə etdi. Hesabı bərabərləşdirdilər. Dirəkdən dönən topumuz da oldu. Qələbə qazanmaq istəyirdik. Amma bərabərə bitdi oyun. Komandamın oyunundan çox razıyam, inkişaf göz qabağındadır. Son üç turdur ki, qış toplanışında komandadan nə tələb edirdiksə, nələr üzərində işləyirdiksə, onları görürəm. Bu isə məni sevindirir. Yeganə çatışmazlıq qol epizodlardan istifadə etməkdir. Bir də buraxdığımız kobud səhvlərin qarşısını almalıyıq.  Ondan sonra nəticələr daha sabit və daha yaxşı olacaq.

- Mətbuat konfransına gec gəlməyiniz komandaya iradınızı bildirməyinizlə əlaqədar idi?

-  Xeyr, "CBC Sport"a matçla bağlı danışırdım. Futbolçularıma isə irad bildirmədim, bu cür oyuna görə təbrik etdim. Belə oyuna görə irad bildirmək ədalətsizlik olardı. Mənə görə ilk növbədə komandanın oyunudur. Bəli, bəzi matçlarda, bəzi məqamlarda, görürsən ki, oyun getmir və üstünlüyü nəticəyə verirsən. Amma komandam bu cür futbol nümayiş etdiribsə, buna ancaq sevinə bilərəm.

- Qış fasiləsindən sonra ən yaxşı oyununu oynayan "Zirə" daha hansı komponentləri gücləndirə bilər? "Zirə"də ikinci Keyta var?

- Hər komandada yaxşı futbolçuların sayı çox olur. Amma 1-2 futbolçu daha çox fərqlənir. Bu gün Keyta yaxşı oyunlarından birini keçirdi. Komponentlərə gəldikdə, bəzən çox tərifləmək istəmirsən, çünki futbolçulara zərəri ola bilər. Özümüzə də, həmçinin. Son fazalardakı ötürmələrdə və zərbələrdə artırmalıyıq. Həm "Neftçi", həm "Qəbələ" görüşlərində qalib gələrək daha iddialı duruma gələ bilərdik. Oyun planında hər iki rəqibdən daha yaxşı oynadıq, amma bunu nəticəyə çevirə bilmədik. Əsas problem son fazalardadır.  Vurulan qolda da, sanki top qapıya girmək istəmir. Belə epizodlarımız çoxdur. Penaltini də qaçırdıq. Yolumuza davam edəcəyik. Buna hazıram. "Zirə"dəki məşqçiliyim zamanı qırılma hadisələri çox olur. Oyunlarda daha çox qalib gəlib, daha çox qol vura bilərik. Amma baxırsan ki, çox asan qol buraxırıq, min əziyyətlə qol vururuq. Belə olan halda, səbr etmək lazımdır. Yadımdadır, "Qarabağ"da ilk illərdə belə hadisələr çox olurdu. Əsas rəqiblərimizdən daha yaxşı oynayırdıq, amma qələbə qazana bilmirdik. Bunu da, özüm üçün həmişə xatırlayıram. Ümumiyyətlə, Qurban Qurbanovun məşqçiliyi mənim üçün kitabdır. Çətin məqamlar olduqda, səhifələyirəm, baxıram. O məqamlarda daim çalışıram ki, nümunə götürüm. Bəlkə də, məşqçi karyeram da Qurban Qurbanovun karyerasına bənzəyəcək. Elə olurdu ki, ÇL-in qrupuna düşməliydik, düşə bilmirdik, Avroliqanın qrupuna düşməliydik, düşə bilmirdik. Oyunu hamıdan yaxşı oynayıb, uda bilmirdik. Çempionatda da çempion olmalıydıq, ikinci olurduq. Son 2-3 tur onu göstərir ki, komanda düzgün yoldadır. Sadəcə oyun fəlsəfəmizi, üslubumuzu inkişaf etdirmək, möhkəmləndirmək lazımdır. Yeni oyunçular da komandaya qoşulduqdan sonra daha da yaxşı olacaq.

- "Neftçi" ilə oyunda Donald Geryenin epizodu ilə bağlı danışarkən, demişdiz ki, başa düşmədim, yəqin izahatı veriləcək. Bu oyunda necə, elə epizod oldu?

- Bu oyunda elə epizod olmadı. İkinci hissədə Fares Abu Akelin epizodunda ikinci sarı vərəqə ola bilərdi, ola bilməzdi, sual idi. Hakimlər yaxşı idarə etdilər oyunu. Ötən matçla bağlı isə, biz haqlı çıxdıq ki, VAR çağırmamalıydı. Özümüzə də sual açıq qalmışdı. Futboldur da, hakimlər də səhv edəcək, VAR da həmçinin. Biz də səhv edirik, futbolçular da həmçinin. İstəyərdik ki, həlledici məqamdakı səhvlər daha az olsun.

- Hacıağa Hacılını 46-cı dəqiqədə niyə əvəzlədiniz? Narazılığınız var idi?

- Hacıağa elə futbolçudur ki... Özünü də, xəbərdar edirəm ki, bir sarı vərəqə aldıqdan sonra səni dəyişəcəm, saxlamayacam meydanda. Əgər ilk hissənin əvvəlində Hacıağa sarı vərəqə alırsa, bu, təhlükədir. Hamımız onun xasiyyətini, mübarizliyini, aqressivliyini bilirik. Amma əslində, dəyişikliyi ona görə etmədik. İlk yarıda üstünlük bizim tərəfdə idi. Oyunumuz da alınırdı. Bir müdafiəyəmeyilli yarımmüdafiəçini hücumameyilli oyunçu ilə dəyişib, üstünlüyümüzü artırmaq istədim. Elə də oldu. Hücumlarımız daha sürətli alınmağa başladı. Fərqləndik də. Təəssüf ki, qələbə ilə başa çatmadı. Futbolçularımın əziyyətinə heyfslənirəm. "Qəbələ" də yaxşı mübarizə apardı. Elmar Baxşıyev mübariz, yaxşı komanda formalaşdırıb.

- Təmkin Xəlilzadənin komandadan göndərilməsi nə ilə bağlı idi? Eşitdiyimizə görə, futboldankənar bəzi hərəkətləri var idi..

- Futboldankənar deyildi. Futbolla bağlı məsələ idi. Həmin məsələ də oldu-keçdi. Ona gələcək karyerasında uğurlar arzulayıram. Normal şəkildə yollarımızı ayırmışıq. Düşündüm ki, onun üçün də, bizim üçün də, belə faydalı olar.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right