Şahin Diniyev: "Sonuncu pillədə olmağımız futbolçuları sıxır, psixoloji problemlər hiss edilir"

"Sol müdafiəçimiz sıradan çıxdı. Turan Manafov da yox idi. Bu mövqedə rotasiya edə bilmirdik. Məcburiyyətdən həmin mövqeni sağ ayaqlı oyunçuya tapşırdıq. Daha bir yarımmüdafiəçini də, müdafiəyə çəkdik. Problemlərimiz də onda başladı. İkinci hissənin başlanğıcından komanda sıxıldı, özünəinamı itdi. Komanda sanki qalib gələcəyinə inanmırdı. Bu sarıdan sıxıntılarımız oldu. Futboldur, işimizə davam edirik. Ümid edirəm ki, komanda daha yaxşı oynayacaq. Psixoloji planda problemlərimiz hiss olunur. Sonuncu pillədə olmağımız futbolçuları sıxır. Təəssüf ki, komanda gözlədiyim, istədiyim və bacardığı futbolu ikinci yarıda oynaya bilmədi. Ruhdan düşmək olmaz, irəli baxmaq lazımdır. Ümid edirəm ki, problemlərimizi aradan qaldırıb yolumuza davam edəcəyik. Ümumi sözlər olsa da, daxildən gələnlərdir. "Şamaxı"nı təbrik edirəm. İkinci yarıda çox arxaya oturduq. "Şamaxı" da istifadə etdi. Mübarizə meydanın mərkəzində getməli idi, amma biz çox arxaya çəkildik".

Newsport.az xəbər verir ki, bu sözləri "Səbail"in baş məşqçisi Şahin Diniyev bildirib. Təcrübəli mütəxəssis Premyer Liqanın 19-cu turunun "Şamaxı" ilə görüşündən sonra mətbuat konfransında danışıb.

- Nəyi dəyişmək lazımdır ki, istədiyinizi görə biləsiniz?
- İstəklərim çoxdur, amma üst-üstə düşməyənlər də var. Qış "transfer pəncərəsi"ndə heç nə edə bilmədik. Yaxşı futbolçular tapa bilmədik. Mövqelərdə problemlərimiz var. Yalnız bir transferlə kifayətləndik. İndiki futbolçulara da inamım var. 15-16 gün ərzində etdiklərimizin hamısını da ala bilmərəm. Amma birinci yarıda qığılcımları gördüm. Onu daha da inkişaf etdirmək lazımdır. Türkiyədə komandamın ifasında gördüyüm futbolu oynaya bilmədik. Komanda sanki yükün altında idi. Nə qədər onları irəli səsləsəm də, sonuncu pillədə olmağımız futbolçuları çox sıxır. Bir qələbə lazımdır ki, özünəinamı geri qaytaraq. Zamanla o da olacaq.

- Daxili bazarda sizə uyğun oyunçular yox idi?
Var idi. Sadəcə klubları buraxmadı. İki futbolçu var idi, dəvət etmək istəyirdik. İndi adlarını çəkmək istəmirəm. Alınmadı. Xarici bazarda vəziyyət yaxşı deyildi. Legioner xətrinə legioner gətirilməsini düzgün saymıram.

- Hansısa mövqeləri gücləndirmək istəyirsiz?
- Bəli. Mərkəz müdafiəçisinə ehtiyacımız var. Bir mövqedə iki yaxşı oyunçumuz var idi, amma indi baxın, sol cinahda nə Petro Stasyuk, nə də Turan Manafov oynaya biləcək. Zədəlidirlər. Sağ cinahda yalnız Cabir Əmirli ilə kifayətlənmişik. Mərkəz müdafiəçilərimiz zədələnsə, ya cəzalı duruma düşsə, işimiz daha da çətinləşəcək. Hazırda mərkəz müdafiəçisi ilə bağlı işlərimiz gedir. Bəlkə də, danışıqlar tez yekunlaşsa, bir müdafiəçi gələcək. 

- Tural Bayramlını Türkiyə toplanışına aparmamışdınız. Onunla bağlı düşüncəniz necədir? 
- Mən gələndə həmin mövqedə 9 oyunçu var idi. Bir mövqedə bu qədər oyunçunun olması, özü də 3-4-nün legioner futbolçu olması acınacaqlıdır. Axı bir mövqedə o qədər oyunçu saxlamaq mümkün deyil. Digər mövqelərimiz boşdur, bir mövqedə bu qədər oyunçuya sahibik. Tural da az oynayırdı deyə, belə alındı. Ona uğurlar arzulayıram. 


- Yəni onunla yollarınızı ayırmısız?
- Hazırda komandada deyil. Ya əvəzedicidə, ya da icarə əsasında başqa komandada çıxış edə bilər.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right