Rəşad Sadıqov: "Müvəqqəti iş görmək istəmirəm"

"Zirə" Azərbaycan Premyer Liqasının 19-cu turu çərçivəsində doğma meydanda "Sumqayıt"ı 3:1 hesabı ilə məğlub edib.

Newsport.az-ın məlumatına görə, matçdan sonra keçirilən mətbuat konfransında qəsəbə təmsilçisinin baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb: 

- Fasilədən sonra ilk oyun idi. Hər iki komandanın oyunçuları üçün fasilədən sonra yenidən başlamaq çətindir. İlk yarıda bunu hiss edirdik. Gözlənilməz qol buraxdıq. Halbuki rəqibin bu gedişatı üzərində işləmişdik. Amma ideal ötürmədən sonra ideal qol vurdular. Futbolçularım oyundan qopmadılar. İlk yarıda bir çox şeylər alınmırdı. Amma ruhdan düşmədik, böyük əzmkarlıq göstərib, bizim üçün vacib üç xal qazandıq. Görəcək işimiz çoxdur. Hamımız bunu başa düşürük. Futbolçularımı təbrik edirəm. Növbəti oyuna köklənməliyik.

- Antalya toplanışında komandanı tam komplektləşdirdiniz?

- Toplanışdan əvvəl də oyunda müəyyən problemlər olurdu. Bunu bilirik və üzərində işləyirik. İlk yarıda xüsusi narazı salan məqam yox idi. Hücumda daha kəsərli oynaya bilərdik. Amma bəzi anlarda futbolçular kəsərli ötürmələrə az üstünlük verirdi. İkinci yarıda daha yüksək motivasiya ilə oynadıq, daha böyük qüvvə ilə hücum etdik. 

- Nemanya Ancelkoviçlə nəyə görə yollarınızı ayırdız?

- Futbolçu vaxtında da belə olmuşam. Özümə uyğun tələblərim, xasiyyətim var. Müəyyən şeylər var ki, onlar olmamalıdır. Onlar olanda böyük uğurlardan danışa bilmərik. Ancelkoviçlə danışdıq, mövqeyimizi bildirdik, normal şəkildə yollarımızı ayırdıq. Məşqçi ilə futbolçu arasında anlaşılmazlıq varsa və düzəlmirsə, yolları ayırmağın tərəfdarıyam. Detallara varmaq istəmirəm. Xarakterindən də razı olmuşam. Müəyyən detallarda anlaşa bilmədik. Bu tip qərarlar məndə tez-tez olacaq. Futbolçu qarşısına böyük hədəf qoymalıdır. Olmayacaqsa, hər oyunda ürəyini qoymayacaqsa, nəticələri düşünməyəcəksə, yollarımız ayrılacaq.

- Ahmed Ayzaya “Kəpəz”də yaxşı oynayır. Onunla yollarınızı ayırdığınıza görə peşman deyilsiz?

- Çempionatda özünü yaxşı tərəfdən göstərən bir çox futbolçu var. Bizə də təklif ediliblər. Futbolun içində olan şeylərdir. Onu çox bəyənirdim. Sadəcə müəyyən məqamlar var idi. Bu, gözə görünmür. Stabil və uğur qazanmaqdan ötrü müəyyən detallar olmalıdır. Yoxdursa, qazanacağın uğur müvəqqəti olacaq. Mən isə müvəqqəti iş görmək istəmirəm. Böyük, yaxşı komanda formalaşdırmaq istəyirik. 

- Fasilə dönəmində istədiyinizi edə bildiz?

- Toplanışımız çox səmərəli oldu. Əvvəlki illərlə müqayisədə daha çox razı qaldım. Keyfiyyəli oyunçular təklif edildi. Bəziləri ilə müqavilə imzalaya bilmədik. Yolda olan var, vizasını gözlədiklərimiz də həmçinin. Digər tərəfdən komanda üçün səmərəli toplanış alındı. Futbolçular məsuliyyətli idi. Ümid edirəm ki, mövsümün ikinci yarısında faydasını görəcəyik.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Şamaxı Səbail Turan Tovuz Zirə
Banner left
Banner right