Xorvatiya mətbuatı Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin "Dinamo"dakı (Zaqreb) gələcəyindən yazıb.
Newsport.az-ın xəbərinə görə, "Sportske.jutarnji" nəşrinin yazdığından bu qanaətə gəlmək olar ki, M.Emreli qış transfer pəncərəsi zamanı klubdan icarə qaydasında olsa belə, göndərilməyəcək. Halbuki buna qədər onun gedə biləcəyinə dair məlumatlar yayılmışdı.
Qəzetin yazdığına görə, qışda klub heyətinə yeni oyunçu cəlb etmək niyyətində deyil. Çünki baş məşqçi Ante Çaçiçin fikrincə, komandasının ehtiyat heyəti genişdir. Bu mənada o hesab edir ki, sol cinah yarımmüdafiəçisi Mislav Orşiçin "Sauthempton"a (İngiltərə) keçməsindən sonra bu mövqeyə əlavə oyunçu axtarmayacaq. Çünki oranı İvanuşets, Şkipiç, Menalo, Boçkay və ya gənc Rukavina doldura bilər. Qəzet güman edir ki, onlar sağ cinahda da oynamaq gücündədirlər. Amma bu mövqeyə yeni bir namizəd kimi Mahir Emreli göstərilir. "Bizim fikrimizcə, Çaçiç azərbaycanlı oyunçunu sağ cinahda oynatmaq istəyir" - deyə yazıda qeyd edilib.
Yazıda "Dinamo"nun hücum xəttinin lideri Bruno Petkoviçin qışda klubu tərk edə biləcəyi də bildirilib. "Belə olsa, mərkəz hücumçusu mövqeyində problem yaşanacaq. Çünki bu halda həmin mövqedə ancaq Yosip Drmiç qalacaq. Düzdür, Emreli də mərkəz hücumçusu kimi oynaya bilər. Amma təkrar edirik, deyəsən, Çaçiç onu daha çox sağ cinahda görmək istəyir. Petkoviçin mümkün ayrılığı isə Orşiçin gedişindən sonra istənilən halda "Dinamo"ya zərbə olar. Çünki onlar hər ikisi "Dinamo"nun bombardirləridir" - deyə yazıda bildirilib.