Samir Abasov: "Baş verənlər hamısı mənə qarşı düşünülmüş plan idi"

"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Rekord.az-a müsahibəsində "Neftçi"də çalışdığı dönəm yaşadıqları haqda danışıb, bir çox qaranlıq məqamlara aydınlıq gətirib:

Newsport.az həmin müsahibəni sizə təqdim edir:

- Samir bəy, “Neftçi”dən ayrılan dan sonra sanki bu mövzuda detallı, geniş heç nə danışmadınız. Amma ən azından yəqin ki, oturunb təhlil etdiniz ki, nə düzgün olmadı...

- Təhlil, yəni nəyi təhlil eləyim? Təhlil etsəm belə, bu nəyi dəyişəcək? Mən danışmaqdan baxıram ki, əksinə, “Neftçi”dən ayrılandan sonra açıqlamalar ancaq klub tərəfindən, klub prezidenti tərəfindən verilir. Özü də dalbadal. Amma mən öz tərəfimdən açıqlama verməyə ehtiyac duymamışam. Siz özünüz də jurnalist olaraq harda danışırsınız, çıxış edirsiniz, hər zaman bir məşqçi üçün nəticənin önəmli olduğunu qabardırsınız. Mən də bir məşqçi kimi “Neftçi”də pis nəticə verməmişəm. Öncə çempion oldum, sonra daha zəif heyətlə 2-ci pilləni tutdum. Hansı ki, həmin heyətdən baxın görün, bu gün neçə nəfər qalıb? Qulağıma çatırdı orda-burda deyirdilər ki, guya mənim qabağıma kuboku qazanmaq tələbi qoyulmuşdu. Hamısı cəfəngiyyatdır. Ona görə deyirəm ki, nəyi təhlil eləyim? Təhlil mövsümün sonunda olacaq  - nəticələri ortaya qoyub təhlil edəcəklər ki, bu məşqçi filan heyətlə, filan-filan futbolçularla bunu qazandı, bu da bunu. Mən “Makkabi” ilə səfər oyununa getdiyimiz heyəti yadınıza salın. “Neftçi” kimi klub adına ayıb idi. Mövsümün sonunda o heyətlə qazanılan nəticə ilə hazırkı heyətin qazandığı nəticəni ortaya qoyanda, o zaman təhlili siz özünüz aparacaqsınız.

- Sizin haqqınızda səslənən əsas irad o idi ki, yaxşı məşqçi olsa da, futbol siyasəti yox idi. Məsələn, azarkeş haqda o cür fikirlər səsləndirdi, problem yaşadı, yaxud hansısa başqa mövzuda birbaşa filan sözü dedi və s.

- Sual verəcəm. Mən hansı komandanın baş məşqçisi idim?

- “Neftçi”nin.

- Ay sağ ol. Azarkeşlə problem yaşamışdım, çıxıb problemi həll eliyərdiniz də. Olur da, azarkeşlə də problem yaşana bilər, bir başqası ilə də. Rəhbərlik olaraq, çıxıb hansı addımı atdınız? Azarkeşlə problemi də özüm həll elədim, çıxdıq, görüşdük, danışdıq, öz aramızda yoluna qoyduq. Rəhbərlik olaraq, niyə çıxıb yoluna qoymadılar, hansısa müdaxilə etmədilər? Yaxşı, mayda məni qovdunuz, amma ən azı maya kimi mən “Neftçi”nin baş məşqçisi idim axı. Ən azı maya kimi öz məşqçinizin arxasında durardınız da. Müdaxilə edərdiniz, barışdırıcı mövqe ortaya qoyardınız. Hər kəs də kənardan görərdi ki, bu rəhbərlik öz məşqçisinin arxasında dayana bilir. Amma həmin vaxt görünən o idi ki, yaranmış durum, yaşanan olay rəhbərliyə sərf eliyir. Əşi, onsuz da mayda göndərəcəyik çıxıb gedəcək də.

- Samir Abasova 2-ci yeri uğursuzluq kimi göstərən rəhbərlik yerinizə əcnəbi məşqçi dəvət etdi, sizdən azı iki dəfə çox maaş verir. Və hazırda komanda 3-cü pillədə qərarlaşıb. “Neftçi” mövsümü 3-cü pillədə bitirsə və kuboku da qazana bilməsə, belə məlum olacaq ki, sizə qarşı qəbul edilən qərar haqsız olub...

- Haqsızlıq olub-olmaması ilə bağlı, ümumiyyətlə, heç nə deməyəcəm. “Neftçi”dəki maaşımla bağlı da çox yazılara rast gəldim ki, ay bu qədər maaş alır, o qədər maaş alır. Sizə bir söz deyəcəm. Dəqiq bilmək istəyirsinizsə, mən “Neftçi”də işləyəndə aldığım maaşa görə, Premyer Liqa baş məşqçiləri arasında 4-cü, ya 5-ci idim.

- Ayrılıqdan sonra “Neftçi” rəhbərliyi ilə üz-üzə gəlmisiniz? Ümumiyyətlə, hazırda münasibətiniz necədir?

- Mən “Neftçi”dən ayrılanda yalnız klubun meneceri Zaur Əzizov zəng elədi ki, bəs sizinlə yeni müqavilə bağlanmayacaq, yolları ayırırıq. Başqa nə zəng oldu, nə Müşahidə Şurasının iclasına dəvət olundum, nə də heç quru “sağ ol” deyən olmadı ki, bu işləri görmüsən. Amma bunu özümə dərd edən insan da deyiləm. Futbolda olur belə şeylər, bu gün burdasan, sabah başqa yerdə ola bilərsən. Mənə təsir edən başqa şeydi. Bu gün də oturub düşünürəm ki, bütün baş verənlər hamısı mənə qarşı düşünülmüş plan idi.

- Azarkeşlərlə yaşanan problem də?

- Bəli, hamısı 100/100 planlı şəkildə idi. Çünki çempion bir məşqçini, özü də o heyətlə çempion olan məşqçini göndərmək...Yadımdadı məsələ ilə bağlı kimsə yazmışdı ki, “Qarabağ” kimi komandanın oynadığı çempionatda ikinci yer də pis nəticə deyil. Amma bunu başqa yerə fırlatdılar, hansı ki, bunlar da hamısı klubun içindən gələn məsələlər idi.

- Sizə konret məlumat çatırdı, yoxsa özünüz hiss edirdiniz?

- Özüm hər şeyi görürdüm. Yenə deyirəm, hamısı 100 faiz planlaşdırılmış şeylər idi. Azərbaycan fitbolunda da belə şeylər normaldı və yaşanmasa, şoka düşərdim. 100 faiz planlaşdırılmış şeylər idi və kimlərəsə sərf edirdi. Bir söz deyim. Təsəvvür edin, “Qarabağ”la oynayırsınız, “Qarabağ”ın azarkeşləri səni istefaya səsləyir. Bu, necə ola bilər? İndi niyə qışqırmırlar? Onda nə baş vermişdi? “Qarabağ” azarkeşləri ilə problemim yox, düşmənçiliyim yox. Niyə mənə “istefa”qışqırsınlar? Və yaxud, heç gördünüz həmin vaxt “Neftçi” rəhbərliyi çıxıb mənə dəstək nümayiş etdirsin? O da olmadı. Çempion olduğumuz mövsümü xatırlayın. Komanda çempion olub və Çempionlar Liqasında oynayacaq. Komandadan kimlər getdi? Buqrin, Kane, Krivatsyuk, Namiq Ələsgərov. Harda belə şey görünüb? Niyə o futbolçular saxlanılmadı? Gedənərin yerinə layiqli futbolçular alındı?  Amma daha zəifləmiş heyətlə belə, çıxıb 2-ci pilləni tutduq.

- Emin Mahmudov haqda da bir sualım olacaq, hansı ki, ilin futbolçusu seçildi. Siz “Neftçi”yə gələndə Emin demək olar ki, “sınmış” vəziyyətdə idi. Ehtiyatda qalırdı, millidəlki yerini də itirmişdi...

- Emin insan kimi də, futbolçu kimi də möhtəşəmdi. İlin ən güclü futbolçusu seçilməsi münasibəti ilə onu cani-könüldən təbrik edirəm. Yadımdadı, “Neftçi”yə yeni gələndə təbii olaraq, bütün futbolçularla tək-tək danışmalı idim. Təsəvvür edin, Emin sakitcə başı aşağı oturmuşdu bir kənarda heç danışmaq istəmirdi. Deyirdi ki, Samir müəllim, mən, ümumiyyətlə, burda futbol oynamaq istəmirəm, bunlar üçün oynamaq istəmirəm. Yəni o dərəcədə. Səbəblər göstərdi ki, o yalanlar, bu yalanlar, orda bizi belə eliyirlər, burda belə eliyirlər. Dedim Emin saxla, indi mənəm, bundan sonra belə eləmək lazımdır. Səhv etmirəmsə, həmin vaxt millidədə de Byazi ilə problemləri çıxmışdı. Üstəlik azarkeşlərlə də problemi var idi, üzərində təzyiq çox böyük idi. Təsəvvür edin, azarkeşlər gəlib deyirdi ki, kapitanlıq ondan alınsın, özü də komandadan getsin. O və daha 2-3 nəfər. Azarkeşlərə də deyirdik ki, səbrli olun, vaxt verək, biz istəyən olmasa, onsuz da gedəcək. Oturduq xeyli danışdıq, Eminə halal olsun ki, o ab-havaya düşmədi, orda çıxdı. Bizim ona meydançada verdiyimiz tapşırıq sanki bütünlüklə onun ürəyincə idi. Ona görə ilk növbədə özü öz oyunundan həzz almağa başladı, özünə güvən qayıtdı, relsə düşdü. Bu məsələdə Eminin özünün peşəkarlığı da böyük rol oynadı. Ümumiyyətlə tək Emin yox, həmin vaxt komandada olan əksər futbolçuların durumu oxşar idi. Kollektiv olaraq o auraya düşmüşdülər. Bir daha deyirəm, çempion olmusan Namiqin getdi, Buqrinin getdi, Antonun getdi, Kanen getdi. Bunlar hamısı zərbə idi. Sonra da başlayırlar ki, niyə ikinci yeri tutmusan, bu nə oyundu.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right