"Oyun çətin keçdi. Çünki "Kəpəz" kompakt, sıx müdafidə olunurdu. Bu cür müdafiəni yarmaq çətin idi. Daha çox asmalardan və ara ötürmələrindən istifadə etməli olurduq. "Kəpəz" əks-hücumlarda yaxşı çıxış etdi, qollar vurdular. Şadam ki, hesabı bərabərləşdirməyi bacardıq. Gəncədən xalla qayıtmaq çox önəmli idi".
Newsport.az-ın məlumatına görə, bu sözləri "Sabah"ın baş məşqçisi Murad Musayev deyib. O, Premyer Liqanın 17-ci turunun "Kəpəz"lə (2:2) matçından sonra keçirilən mətbuat konfransında danışıb.
- Son matçlarda xal itirisiniz. Komanda meydanda azlıqda qalır. Bu fiziki hazırlıqla bağlıdır?
- Bunun vərəqələrlə əlaqəsi nədir? İlk qırmızıda nizam-intizam pozuntusu var idi. “Səbail”lə görüşdə qapıçının texniki səhvi oldu. Bugünkü vərəqə isə tamamilə yox idi. Top meydandan çıxmışdı. Yan xətt hakimi buna işarə edirdi. Dördüncü hakim isə davam etməsini dedi. Oyunu davam etdirdikdən sonra rəqib oyunçumuzu itələdi və bizim futbolçumuza qırmızı vərəqə göstərildi. Fiziki durumdan çox başımızda nə baş verdiyinə baxmalıyıq. Fiziki durum pis olsaydı, son dəqiqələrdə qollar vurmazdıq.
- Adət etdiyimiz "Sabah"ı meydanda görmədik. Komandanı yaxşı kökləməmişdiz?
- Hər şeyin səbəbi var. Rəqibimiz sıx müdafiə olunurdu. Biz isə daha sürətli oynamağa məcbur idik. Daha tez keçidlər etməliydik. Bunlar hamısı yekun nəticəni müəyyənləşdirdi.
- Aleksey Kaşukun son matçlardakı performansı barədə fikriniz necədir? Sanki əvvəlki qədər deyil..
- Bugünkü matçda qol vurdu, assist etdi. Bu, azdır?