Türkiyəli şərhçi Güntəkin Onayın qonağı olduğu "NTV Spor" telekanalında azərbaycanlı referi Tofiq Bəhramov bağlı işlətdiyi ifadə ölkəmizdə birmənalı şəkildə pislənildi.
Newsport.az-ın məlumatına görə, türk şərhçi Dieqo Maradonanın 1986-cı ildə əli ilə vurduğu qolu görməyib hesaba alan tunisli hakim Ali Bennaserlə görüşməsindən danışarkən mübahisəli epizod kimi 1966-cı il dünya çempionatının finalını da xatırlayıb.
Güntəkin Onay İngiltərə ilə Almaniya arasında keçirilən həmin matçda yan xətt hakimi olan Tofiq Bəhramovun ingilislərin mübahisəli qolunu qeydə almasını yanlış adlandırıb. Onun sözlərinə görə, bu, qol deyildi və sayılmamalı idi. Onay istehza ilə "azərbaycanlıların hələ fəxrlə Respublika stadionuna onun adını verdiyini" bildirib.
Ancaq "NTV Spor" telekanalı bu məsələyə görə Güntəkin Onayın azərbaycanlılardan üzr istəyəcəyini bildirib. Belə ki, sabiq ANS-çi, hazırda "Neftçi" klubunun İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Gündüz Abbaszadə "Facebook" sosial şəbəkəsində bunu bildirib: "Tofiq Bəhramovun lağa qoyulması mənə çox pis təsir etdi. "NTV Spor"un redaksiyasına zəng vurdum və etirazımı bildirdim. Söz verdilər ki, növbəti verilişdə Güntəkin Onay yanlış anlaşıldığını və üzr istəyəcəyini deyəcək..."