Azərbaycan Premyer Liqasının II turunda "Xəzər Lənkəran” səfərdə "Sumqayıt”la qarşılaşdı. Oyundan sonra "Xəzər Lənkəran”ın kapitanı Rahid Əmirquliyev Newsport.az-ın suallarını cavablandırıb:
-Səfərdə "Sumqayıt”la bərabərə qaldınız. Qarşılaşma haqqında fikirlərinizi bilmək istərdik
-Əvvəldən bizim üçün ağır oyun olacağını bilirdik. Gözlədiyimiz də oldu. Oyuna 3 xal üçün çıxmışdıq. Amma alınmadı. 1 xal da pis göstərici deyil.
-Sanki hakimlikdən narazılığınız var idi...
-Özünüz hər şeyi gördünüz. Heç nədən qapımıza cərimə zərbəsi təyin etdi və qapımızda qol gördük. Belə bir cərimə zərbəsi, heç bir oyunda verilmir. Ancaq "Xəzər Lənkəran”ın oyununda, ancaq Elvin Əsgərov tərəfindən.
-Komanda yeni transferlərsiz, cavan oyunçularla 4 xal qazanıb. Bunu komanda üçün normal saymaq olarmı?
-Bunu 6 xal edə bilərdik. Ancaq 4 xalı da uğur saymaq olar. "Sumqayıt”la bərabərlik pis nəticə deyil. Bu komanda çempionatda çoxlarına başağrısı olacaq.
-Növbəti turda "Rəvan”la qarşılaşacaqsınız...
-"Rəvan” zəif komanda deyil. Dünən "Qarabağ”la oyunlarını izlədik. Yaxşı futbol oynadılar. "Rəvan”la evdə oynayacağıq. Azerkeşlərimiz də bizə dəstək olacaq. İnanıram ki,qələbə qazana biləcəyik.
-Son olaraq milli komanda yoldaşınız – "Qəbələ”nin futbolçusu Cavid Heseynovun həbsi ilə bağlı fikirlərinizi bilmək istərdik.
-Cavidlə uşaq yaşlarından bir yerdə futbnol oynamışıq. Cavid elə oğlan deyil ki, bu hadisədə əli olsun. İnanıram ki, onu yaxın zamanlarda yaşıl meydanlarda görə biləcəyik.