Azərbaycan Premyer Liqasının II turunda "Sumqayıt” evdə "Xəzər Lənkəran”la qarşılaşıb.
"Kapital Bank Arena”da baş tutan matçda meydan sahibləri hesabı erkən açsa da, üstünlüyünü qoruya bilməyib. Transfer qadağası səbəbindən yeni futbolçularının xidmətindən məhrum olan "Xəzər Lənkəran”la qarşılaşmadan sonra "Sumqayıt”ın prezidenti Kamran Quliyev Newsport.az-a açıqlama verib.
Klub rəhbəri komandasının hələ istənilən oyunu göstərmədiyini etiraf edib: "Bəli, razıyam, ilk 2 oyunda "Sumqayıt” istənilən oyunu göstərə bilmir. Çünki hələ mövsümün başlanğıcıdır. Komanda hələ tam şəkildə oyununu tapa bilməyib. Bu da normal, təbii bir şeydir. Hələ cəmi 2 tur oynamışıq. Tədricən hər şey düzələcək. Futbolçular arasındakı anlaşma səviyyəsi də yüksələndən sonra xallar qazanmağa daha yaxın olacağıq. "Xəzər Lənkəran”la oyuna gəlincə, bərabər mübarizə getdi. Məncə, qol vurduqdan sonra da hücumlarımızı davam etdirsəydik, daha yaxşı olardı. Amma yenə deyirəm, bərabər bir oyun idi və hesab da oyuna görə oldu”.
Quliyev klubun maliyyə durumunun yaxşı olmaması barədə mətbuatda gedən informasiyalara da münasibət bildirib: "Bizim maliyyə durumumuz sabitdir. Nə futbolçulara, nə hansısa təşkilatlara 1 manat da borcumuz yoxdur. Yenə də bəyan edirəm ki, sponsorlala heç bir problemimiz yoxdur. Bir müddət öncə guya "Kapital Bank”la münasibətlərə xitam verildiyi haqda məlumatlar yayılmışdı. Hamısı əsassız iddia idi. Özünüz görürsüz ki, yenə o bankın reklamları asılıb, hər şey yüksək səviyyədədir”.
Klub rəsmisi Məhəmməd Alıyev və Vüqar Bəybalayevin komandanın düşərgəsində olandan sonra ayrılmasına da aydınlıq gətirib: "Vüqarla müqavilə bağlamamışdıq. O, düşərgəmizdə olanda "Bakı” ilə müzakirələr aparırdıq, bir neçə variant təklif etmişdik. Ortada onun transfer hüquqlarını almaq məsələsi var idi. Qarşı tərəf razılaşmadı. Alıyevin ayrılması isə sırf məşqçilər korpusunun qərarı idi. Məşqçilərlə görüş olmuşdu. Futbolçu ondan sonra qarşılıqla razılıq şəklində ayrılmağa üstünlük verib. Sizə bir etiraf edim ki, onunla rəsmi müqavilə bağlanmamışdı. Düzdür, keçidi elan etmişdik. Amma məsələ rəsmiləşməmişdi. Məncə, burda heç bir sual qalmamalıdır. Futbolçu ilə yollarımızı qarşılqlı razılıq şəklindı ayırdıq”.