Azərbaycan Premyer Liqasının II turu çərçivəsində baş tutan "Rəvan” – "Qarabağ” oyunu "Qarabağ”ın 2-1 hesablı qələbəsi ilə başa çatdı.Oyundan sonra "Qarabağ”ın futbolçusu Dani Kintana Newsport.az-ın suallarını cavablandırıb:
- Komandanın aparıcı futbolçuları – Rəşad, Reynaldo, Almeyda yox idi. Bu, komandanızın çıxışına necə təsir etdi?
- Məncə, elə də pis oynamadıq. Çünki digər futbolçular da məşqlərdə səylə çalışır və oynamaq şansını gözləyir. Oyundan-oyuna "artırdığımız” hiss olunur. Cümə axşamı çox vacib oyunumuz olduğundan baş məşqçinin bu addımını, komandanın liderlərini qorumasını yaxşı ideya sayıram. Vacib oyunçulara istirahət verdi və məncə, bu doğru qərar idi.
- "Yanq Boyz”la oyun haqda nə deyə bilərsiz? Rəqib haqda informasiyanız var?
- Hələ bu komandayla oyun haqda söhbət olmayıb. Çünki ilk növbədə çempionat matçını uğurla başa vurmalıydıq. Məncə, sabahdan (bu gündən – red.) artıq bütün diqqətlər isveçrəlilərlə oyuna yönələcək. Düzdür, onların çıxışlarının əks olunduğu bir neçə oyunun videoicmalına internetdə baxmışam. Amma ümumilikdə komanda ilə təhlil aparmamışıq, məşqçilər bunu "Rəvan”la oyundan sonraya saxlayıb. Sadəcə, bilirik ki, bu oyunlar mövsümün bu hissədində ən vacib matçlar olacaq.
- İlk oyun səfərdə olacaq. Bu, "Qarabağ” üçün üstünlükdür?
- Belə düşünmürəm. Məncə, ilk oyunun harda keçirilməsini yox, rəqibi necə keçməyin mümkün olduğunu düşünməliyik. Bərabər səviyyəli komandalar arasında səviyyəli görüşlər olacaq.