Topaz Premyer Liqasının II turu çərçivəsində baş tutan "Rəvan” – "Qarabağ” oyunu "Qarabağ”ın 2-1 hesablı qələbəsi ilə başa çatdı. Oyundan sonra "Qarabağ”ın ikinci qolunun müəllifi Qara Qarayev jurnalistlərin suallarını cavablandırıb:
-Uzun müddətdən sonra qol vurdun...
-Qol vurmaq üçün darıxmışdım. Fərqlənmək gözəl hisdir. Amma bu məni çaşdırmamalıdır. Ciddi hazırlaşmalıyam.
-Cərimə zərbəsindən fərqləndin. Amma "Qarabağ”da cərimə zərbələrini Kintana vurur...
-Ona təşəkkürümü bildirdim. İstədim ki, cərimə zərbəsini mən yerinə yetirəm. Sağ olsun etiraz etmədi. Daha da çox qol vurmaq üçün çalışmalıyam.
-Amma sənin mövqeyində çox qol vurmaq olmur...
-Belə epizodlar olsa, fikrimcə çox fərqlənmək olar. Amma oyun epizodunda fərqlənməyi bacarmalıyam. Oyun epizodlarında qapılara çox qol vurmalıyam.
-Əsas oyunçuların oynamamağı çətinlik yaratmadı?
-Əlbəttə çatışamamzlıq oldu. Dediyiniz kimi əsas oyunçularımız oynamırdı. Əvəzində isə gənc oyunçular meydanda idi. Bu zaman isə çatışmazlıqların olması qaçılmazdır. Çünki bəzi oyunçular ilk dəfə idi ki, meydana çıxırdı.
-Qarşıda "Qarabağ”ı "Yanq Boys”la çətin oyun gözləyir. Sənin fikirlərin necədir?
-Yaxşı komandaya qarşı oynayacağıq. Belə deyərdim ki, hücumda mükəmməl oyun sərgiləyirlər. Hal-hazırda "Yanq Boys”la bağlı ətraflı məlumat verilməyib. Baş məşaqçimiz "Rəvan”la oyunu gözləyirdi. Yəqin ki, bu oyundan sonra, bizə müəyyən tapşırıqlar verəcək. Çalışacağıq ki, mərhələ keçib qrupa düşək. Təkcə biz yox "Qəbələ”yə də bunu arzulayıram. Çox istəyərəm ki, iki komandamız Avropa Liqasının qrup mərhələsində mübarizə aparsın.
-Ötən ilki "Qarabağ”la, bu ilki "Qarabağ” arasında hansı fərqlər var?
-Hər dəfə dediyimiz kimi, bir çox oyunçularımız yoxdur.Çumbinyonun zədəli olması və bir çox aparıcı oyunçuların komandadan getməsi oyunumuza təsir edir. Bu fərqi isə tezliklə aradan qaldıracağıq.
-Demək olarmı ki, Qara artıq əsas heyətdə yerini itirib? Coşqun Diniyev artıq əsas heyətdə oynayır...
-Bu barədə danışmaq istəmirəm. Bu gün ehtiyatda qalmağım isə istirahət etmək idi. Əslində bu gün "18 liy”ə düşməyim planda yox idi. Amma oynadım. Bu isə yalnızmənim xeyrimə oldu.