"Bu, onların savadsızlığından irəli gəlir".
Newsport.az-ın məlumatına görə, bu sözləri ölkə.az saytına açıqlamasında əməkdar məşqçi Böyükağa Hacıyev deyib. O, "Qəbələ"nin hazırda həbsdə olan kapitanı Cavid Hüseynovun "Apollon"la oyundan sonra meydanda Türkiyə bayrağı ilə dövrə vurmasına, həmçinin sosial şəbəkələrdə bir qrup insanın avqustun 20-də Bakıda baş tutacaq Avroliqanın pley-off mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək "Qəbələ" - "Panatinaikos" matçında azarkeş tribunasına Türkiyə bayraqları ilə çıxma çağırışına münasibət bildirərkən qeyd edib:
"Birinci növbədə evin içi, sonra eşiyi. Bunu unutmaq olmaz. İlk növbədə öz bayrağımızı qaldırmalı, ona sahib çıxmalıyıq. Bəli, türklər də bizim qardaşlarımızdı. Ancaq Azərbaycan bayrağını bir tərəfə atasan, əlində Türkiyə bayrağı ilə dövrə vurasan. Sən Türkiyənin yox, Azərbaycanın vətəndaşısan. Bu, çox ciddi və həssas məsələdi.
Həmişə demişik ki, türklər bizim qardaşlarımızdı. Bu o demək deyil ki, Azərbaycanı danasan, aşağılıq göstərəsən. Niyə? Bir daha deyirəm ki, bunu idmançılarımız bilərəkdən eləmir, savadsızlıqdan edirlər".