Qurban Qurbanov: "Komanda mövsümboyu eyni səviyyədə qala bilməz"

Azərbaycan Premyer Liqasında VIII turun “Qarabağ” – “Neftçi” (3:1) oyunundan sonra təşkil edilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı.

Newsport.az-ın məlumatına görə, o, əvvəlcə matç barədə fikirlərini bildirdi...

- Maraqlı oyun oldu. Düşünürəm ki, azarkeşlər oyundan razı qaldılar. Mənim üçün nəticə ilə yanaşı, 90 dəqiqə oyunun içində olmaq vacib idi. Bunu gördüm. İlk hissədə anlaşılmazlıqlar oldu. Buna normal baxıram. Bir müddət idi, komanda bir yerdə məşq etmirdi. Getdikcə yaxşı oyunun şahidi olduq. Qollar, epizodlar oldu. İlk dəqiqələrdən açıq futbol getdi. Oyunu çox bəyəndim. Çox yaxşı futbolçuları olan “Neftçi”yə qarşı oynayırdıq. Rəqibin hər bir oyunçusunun ustalıq səviyyəsi yüksəkdir. Stadionda atmosfer çox yaxşı idi. Belə azarkeş qarşısında oynamaq xoş oldu. “Neftçi”yə uğur arzulayıram. 3:1 qalib gəlsək də, çox səhvlərimiz oldu. Bunları aradan qaldırmalıyıq. Qarşıdakı matçlarda daha diqqətli olacağımıza inanıram.

- İlk hissədə çoxlu qol epizodu reallaşdırılmadı...
- Bəzən belə imkanlardan yararlanmamışıq və məğlub olmuşuq. Futbolda belə şeylər olur. Hər epizod qol olsa, maraq azalar. Rəqibi, oyunun stresini nəzərə almaq lazımdır. Futbolda bəzən 100 faizlik epizod qol olmur, amma bəzən də heç nədən qol vurursan. Bunların üzərində işləyirik. İmkan varsa, istifadə etməyə çalışmalıyıq. Futbolçuların ustalığını artırmağa çalışırıq.

- Uzun müddət sonra Kevin Medina və Maksim Medvedevin adı iştirak ərizəsində idi. “Olimpiakos”la oyunda meydana çıxa bilərlər?
- Hər şey yaxşılığa doğru gedir. Start heyətdə olmaya bilərlər, amma ehtiyac yaranarsa, onlardan istifadə edə bilərik. Tam bərpa olunublar. Fiziki baxımdan bir qədər çatışmazlıq var. Onu da oynayaraq bərpa etməlidirlər.

- Yenilənən “Neftçi” nə ilə diqqətinizi çəkdi?
- Öz oyun üslubu var. Hər bir detalı açıqlamaq düzgün çıxmaz. Bəzi elementlərə qarşı hazırlaşmışdıq. Pis də alınmadı. Ümumən, texniki futbol göstərməyi bacarırlar. Maraqlı futbolçuları var. Komplektləşmiş komandadır. Özlərini meydanda çox rahat hiss edirlər. İstənilən oyunda 5-6 qol vurmaq qabiliyyətindədirlər. Diqqətsiz yanaşsaq, nəyisə nəzərdən qaçırsaq, bunu bacararlar. İlk hissədə imkanları daha çox oldu. Bu komandaya qarşı oynamaq mənim üçün çox xoş oldu.

- “Nant” üzərində qələbə azarkeşlərin inamını artırıb və “Olimpiakos”la görüşdə də 3 xal gözləyirlər...
- Azarkeşlərimiz həmişə bizə inanırlar. Onlar üçün fərqi yoxdur, hər rəqiblə oyunda qələbə gözləyirlər. Bəzən real baxmaq lazımdır. Onların qələbə istəyi bizi daha məsuliyyətli edir. Futbolçular bunu dərk edir. İstənilən rəqibə qarşı yaxşı oynayıb, nəticə qazanmaq istəyirik. “Olimpiakos”la oyuna hazırlaşmaq mənim üçün daha çətin olacaq, nəinki onlar üçün. Baş məşqçiləri dəyişib. Hansı gedişləri edəcəyi bilmirik. Sabahkı oyunlarına baxandan sonra futbolçularımıza bildirəcəyik. Şansımız varsa, istifadə etməyə çalışacağıq. Marko Yankoviçin vəziyyəti məni narahat edir. Millidə bir qədər zədə almışdı. Bu gün ağrılar hiss edirdi. Əsas məsələ tam sağlam olmağımızdır.

- “Neftçi” bir hissə “Qarabağ”a müqavimət göstərdi. Komandanız yenə qarşısıalınmaz görünür. Bu rəqabətsizlik sizi narahat etmir?
- Biz çox istəyirik ki, minimum tempi qoruyub-saxlayaq. “Neftçi”nin bir hissə müqavimət göstərdiyini dediz, amma potensialları çox böyükdür və əksi də ola bilərdi. Bunu düşünərək, qarşıdakı oyunlara biganə yanaşa bilmərik. İlin sonuna kimi sıx qrafikimiz var. Vacib dönəmdir. İndi əldə etdiyimiz hər xal bizim üçün çox vacibdir. Komanda mövsümboyu eyni səviyyədə qala bilməz. Düşünmədiyimiz anda xal itirə bilərik. Bütün rəqiblərimiz çox ciddidir. “Neftçi” çox ciddi rəqibdir.

- “Zirə” ilə matçda 7:1 hesablı qələbədən sonra Rəşad Sadıqovla aranızda ilk dəfə ciddi mübarizə getdiyi müzakirə olunur. Həmin görüşdən sonra onunla söhbətiniz olubmu?
- Heç vaxt Rəşadla bir-birimizi müzakirə etmirik. Biz onunla çox yaxşı dostuq. Sadiqliyimiz də odur ki, idmanda bir-birimizə güzəşt etməmirik. Çox fikirlər ola bilər. Bizim dostluğumuz gündən günə dərinləşir. Mövzudur, danışır, fikir bildirirlər. Hər kəsin düşüncəsi eyni ola bilməz. Həmişə bir-birimizin üzünə dik baxmışıq. Öz aramızda futbol oynayanda belə, aramızda mübahisələr olur. Çox fikir bildirmək istəmirəm. Oyundan sonra da danışdıq, söhbətləşdik. Bu baxımdan narahat deyiləm. Dostluğa sadiqiksə, heç bir narahatlıq ola bilməz.

Hacı Mərdan





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right