Elmar Baxşıyev: "Komanda düzgün reaksiya verib qələbə qazandı"

"Qəbələ" Azərbaycan Premyer Liqasının 8-ci turunun oyununda səfərdə "Səbail"i 2:1 hesabı ilə məğlub edib.

Newsport.az-ın məlumatına görə, matçdan sonra keçirilən mətbuat konfransında "qırmızı-qaralar"ın baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırıb:

- Oyunun ağır keçəcəyini bilirdik. "Səbail" yaxşı komandadır, heyətində keyfiyyətli futbolçular var. Həm təbii meydançada məşq edirik, həm də oynayırıq. Təbii örtükdən, süni örtüklü stadiona keçəndə təsirsiz ötüşmür. Ümumi oyunu dəyərləndirəndə komanda meydanda görmək istədiklərimi etdi. Düşünülmüş hücumlarımız var idi. Daim bunun üzərində işləyirik. Komandamı təbrik edirəm. İnanıram ki, qarşıdakı matçlarda daha da məzmunlu oyun nümayiş etdirəcəyik.

- Say üstünlüyü komandanı arxayınlaşdırdı sanki. Qapınızda qol görməyi bununla elaqələndirmək olar?

- Xeyr, arxayınlıq olmadı. Hesab da bizi öndə oynamağa məcbur edirdi. Ona görə də daha çox qüvvə ilə hücuma atılırdıq. Bunun nəticəsində rəqib bizi əks-hücumlarda yaxalayırdı. Bu, normaldır. Komanda düzgün reaksiya verib qələbə qazandı.

- Ülvi İsgəndərovun oyununu ötən mövsümlə müqayisədə necə dəyərləndirirsiz?

- Statistika ilə götürməzdim. Ülvi də komandanın ən önəmli futbolçularından biridir. Bizim komandada əsas və ya ehtiyat oyunçu anlayışı yoxdur. Bu gün Ülviyə şans düşdü, komandaya qələbə qazandırdı. Sabah başqası olacaq. Kollektivdə hamı öz maksimumunu verməyə çalışmalıdır. 

- Sanki Rafael Utsiq fərdi oyuna üstünlük verir. Siz necə düşünürsüz?

- Rafael hücumçudur. Hücumçu fərdi oynamağa üstünlük verməlidir. Heç kim hücumçuya deyə bilməz ki, driblinq etmə. Mən ondan istədiyimi ala bilirəm. Qarşıdakı turlarda daha yaxşı, daha özünə güvənən Rafael görəcəyik.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right