"Qarabağ"ın legioneri: "Neftçi" və "Olimpiakos"la matçda formada olmalıyıq"

"Əvvəlcə çempionatda "Neftçi" ilə, daha sonra UEFA Avropa Liqasının qrup mərhələsində Yunanıstanda "Olimpiakos"la üz-üzə gələcəyik. Bu matçlarda yaxşı formada olmaq üçün çalışacağıq".

Newsport.az-ın məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Abdullah Zubir "CBC Sport"a açıqlamasında deyib.

31 yaşlı yarımmüdafiəçi mövsüm ərzində bütün oyunlara ciddi hazırlaşdıqlarını və çoxlu məşq etdiklərini bildirib.

Bakıda "Nant"a 3:0 hesabı ilə qalib gəldikləri qrup mərhələsinin II tur qarşılaşmasında fərqlənən təcrübəli oyunçu Fransa təmsilçisinə qol vurmağın xüsusi önəm kəsb etdiyini söyləyib: "Mən fransalıyam və karyeramın böyük hissəsini orada keçirmişəm. Gəldiyin ölkənin komandasına qol vurmaq hər zaman özəldir. Bu, möhtəşəm hissdir".

Zubir "köhlən atlar"ın heyətində ən unudulmaz hesab etdiyi oyunu da açıqlayıb: "Qazaxıstanda "Kayrat"ı 2:1 hesabı ilə məğlub etdiyimiz Konfrans Liqasının qrup matçını qeyd edərdim. Məncə, möhtəşəm qarşılaşma oldu. Çünki komanda tarixində ilk dəfə qrupdan çıxdı. Hava da olduqca soyuq idi. Çətinliklə 3 xal qazandıq və pley-offa vəsiqəni təmin etdik. Ən məyus olduğum qarşılaşma isə Çexiyada "Viktariya" (Plzen) komandasına uduzduğumuz UEFA Çempionlar Liqasının pley-off görüşüdür. Qitənin bir nömrəli klub turnirinin qrup mərhələsində iştirak etməyə yaxın idik. Amma alınmadı".

2018-ci ildən Ağdam təmsilçisində çıxış edən yarımmüdafiəçi "Qarabağ"a keçidini də xatırlayıb: "Əvvəl Azərbaycan futbolu haqqında məlumatım yox idi. Burada çıxış edən bir tanışım mənə gəlməyimi tövsiyə etdi. Ölkənizin və şəhərin möhtəşəm olduğunu söylədi. Mən də çox düşünmədim və təklifi qəbul etdim".

Qeyd edək ki, "Qarabağ" oktyabrın 1-də Azərbaycan Premyer Liqasının VIII turunda "Neftçi"ni qəbul edəcək. Qurban Qurbanovun baş məşqçi olduğu komanda oktyabrın 6-da Avropa Liqasının qrup mərhələsinin III turunda Yunanıstanda "Olimpiakos"un qonağı olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right