Canni De Byazi: "Düzgün yoldayıq, komanda inkişaf edir"

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Bakıda Qaxaxıstan yığmasına qalib gəldikləri (3:0) Millətlər Liqasının qrup mərhələsinin VI tur oyunundan sonra mətbuat konfransında iştirak etdi.

Newsport.az-ın məlumatına görə, o, jurnalistlərin suallarını cavablandırdı...

- Son iki oyundakı qələbələr taktiki sxemi dəyişməyiniz və komandanın daha hücumameyilli oynaması ilə əlaqələndirilir. Bu barədə nə deyə bilərsiz?
- Bu gün çox keyfiyyətli oynadıq və daha az səhv etdik. Realizasiya baxımından daha yaxşı olmalıyıq. Zərbələrin nisbətinə baxdıqda, faiz baxımından daha çox qol vurmalıyıq. Komandanın ikinci hissədəki oyunundan çox razı qaldım. 6 matçın hər birində çox yaxşı çıxış etmişik. Qazaxıstanla ilk oyunu xüsusi qeyd edərdim. Orada da qələbəyə layiq komanda biz idik. Düşünürəm ki, düzgün yoldayıq və inkişaf edirik.

- Amin Seydiyevin iştirak ərizəsinə salınmaması nə ilə bağlı idi? Ötən matçda meydanda olmuşdu...
- Bu gün fərqli qərar verdim. Yaxşı oyunçudur, dinamikdir. Hələ çox inkişaf edə, Azərbaycanın gələcəyi ola bilər. Taktiki baxımdan artırmalıdır. Bu gün hücumameyilli oynamaq üçün digər oyunçuları heyətə daxil etdik.

- Komanda üzvləri 90 dəqiqə azarkeşlik edən millinin fan-klubuna dəstək üçün gəlmədi. Bu, nə ilə bağlı idi?
- Bir epizodda bizim futbolçu sürüşüb, yerdə qaldı. Bəzi insanlar gülürdü, fan-klub isə mənimlə birgə onu alqışladı. Bütün oyunçularımıza belə dəstək olmalıyıq.

- Mahir Emrelini ehtiyatda saxlamağınız taktiki gediş idi, yoxsa klubunda oynamaması ilə bağlı idi?
- Bu mövsüm klubunda az oynayıb. Sona qədər meydanda ola bilməyəcəyini düşündüm. Məcbur qalıb bir əvəzetmə etməli olacaqdıq. Güclü, fərq yaradan futbolçudur. Mahir yalnız qol vurmaq üçün oynamamalıdır. Ancaq bunu düşünəndə heç nə alınmır.

- Son iki oyunda komanda çox yaxşı oynadı. Sizə şans verilsə, bu nəticələri davam edə bilərsizmi?
- Bilmirəm.

- Dünən ev tikmək üçün təməldən başlamalı olduğunuzu dediz. Düşünmürsüz ki, bunun üçün daha çox hücum etmək lazımdır?
- Məsləhətiniz üçün çox sağ olun. Bunu bilmirdim. Bilmirəm, sənin neçə yaşın var. Uzun illərdir, futboldayam. Yəqin ki, 5 ildir, futbola baxırsan. Bilirəm, necə qalib gəlmək lazımdır. Bilirəm, sən həmişə qələbəyə öyrəşmisən, yəqin “Bavariya”, Real” azarkeşisən. Həyatda təcrübə çox vacibdir. Yavaş-yavaş...

- Geriyə baxanda hansı nəticəyə görə daha çox üzülürsüz?
- Qazaxıstanla ilk matça görə. Slovakiyaya qarşı Bakıdakı matç. Uduzmamalıydıq. Müdafiədə səhv etdik və bu, bizə baha başa gəldi. Bu komanda yaxşı oynaya bilər. Əsas odur göydə uçmasınlar, ayaqları yerdə olsun. 

- 2020-ci ildən Azərbaycandasız. Gəldiyiniz vaxtla indiki milli komandanı necə müqayisə edə bilərsiz? Ümumiyyətlə, burada olduğunuz müddət ərzində Azərbaycan futboluna, milli komandaya nə verə bilmisiz?
- Bunu bilmirəm. Siz deməlisiz. Tənqidi, qiyməti siz verirsiz. Azərbaycan sonuncu dəfə nə vaxt ardıcıl 3 oyunda qələbə qazanmışdı? Belə hadisə olmamışdı. Futbolda çox vaxt ancaq nəticəyə baxırlar. Hərdən böyük potensial olmayanda Çempionlar Liqasını udmağınızı istəyirlər. Bu, mümkün deyil. Mən gələndən çoxlu gənc futbolçu oynayıb. Cəlal Hüseynov, Toral Bayramov, Musa Qurbanlı bu müddətdə şans qazanıb. Onlarla davam etməliyik, klublarında da oynamalı, inkişaf etməlidilər ki, nəticələrimizə kömək etsinlər.

- Ardıcıl 3 qələbə Azərbaycan millisi üçün xeyirlidir, yoxsa sizin buradakı gələcəyiniz üçün?
- Bilmirəm. 1 oktyabrda cavab verə bilərəm.

- Millidəki işinizə davam etsəz, Albaniya millisində qazandığınız nəticəni təkrarlaya bilərsizmi? Bunu nə dərəcədə real görürsüz?
- Bura gələndə “Sabah” – “Qəbələ” yoldaşlıq oyununa baxmışdım. Sürət, keyfiyyət xoşuma gəlmişdi. Amma digər oyunlara baxanda düşündüm ki, xeyir, belə deyil. Albaniyada tam fərqli idi. 4 il ərzində yavaş-yavaş inkişaf etdik. Albaniyada futbolçuların əksəriyyəti ölkə xaricində oynayırlar. Bizdə belə futbolçu sayı azdır. Avropada çıxış edənlərimiz çox olmalıdır ki, inkişaf edək.

- 2 il, 1 aylıq fəaliyyətiniz zamanı milliyə hansı futbolçuları qazandıra bildiz? Hazırkı heyətdən kimi A Seriyasında oynamağa layiq görürsüz.
- Çox çətin sualalrdır. Cavab verə bilmərəm. Bu, ayrı-seçkilik olacaq. Birini deyib, digərlərini istisna etsəm, doğru olmaz.

- Musa Qurbanlıya şans verirsiz. Gələcəkdə millinin əsas hücumçusu olmaq potensialı varmı? Ona nə tövsiyə edərdiz?
- Çox yaxşı futbolçudur, ağıllı uşaqdır. Hücumçuya lazım olan keyfiyyətlər onda var. Gəncdir. Bəxti gətirib ki, “Qarabağ”da oynayır. Orada çox şey öyrənə bilər. Onu millinin gələcəyi hesab etmək olar. Digər oyunçular – Ramil, Renat da hələ gəncdir. İnkişaf edə bilərlər.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right