Canni De Byazi: "Millidəsənsə, özünü düzgün aparmalısan"

Azərbaycan milli komandası UEFA Millətlər Liqası qrup mərhələsinin son oyununda sabah Qazaxıstanı qəbul edəcək.

Newsport.az-ın məlumatına görə, matçdan öncə baş tutan mətbuat konfransında yığmamızın baş məşqçisi Canni De Byazi jurnalistlərin suallarını cavablandırıb:

- İki gün öncə qrupun ən yüksək reytinqli komandasını məğlub etdiniz. Zaman lazım olduğunu dediniz. Nə üçün lazımdı zaman, final mərhələsini görməyə, yoxsa daha güclü rəqibləri keçməyə?

- Evi tikəndə bünövrəni qurmaq lazımdı. Bu, bir gündə baş verə bilməz. Əsasən də böyük ev tikmək istəyirsənsə, çox vaxt lazımdı. İlk dörd oyunda yaxşı oynadıq. Slovakiyaya uduzanda müdafiədə diqqətsizlik etdik. Daha diqqətli olsaydıq, uduzmazdıq. Renat Dadaşovun penalti epizodu var idi, olsaydı başqa cür olardı. Qazaxıstanla ilk oyunda 15 zərbə biz vurduq, 6-nı onlar. İki qol vurdular. Qazaxıstan millisi çox güclü, vuruşqandır. Belarusu məğlub etdik. Serbiyadakı matçı da uda bilərdik. Təəssüüf ki, epizodlardan istifadə edə bilmədik. Həm o oyun, həm də Qazaxıstan görüşünə görə təəssüf hissi keçiririk. Sabah qələbə qazansaq, ancaq ikinci yeri tutacağıq. 10 xal yığacağıq, üçüncü qələbəmiz ola bilər. Keyfiyyətli komandamız var. Bəzən özümüzü itiririk, oyunu daha yaxşı idarə etməliyik. Ümumilikdə, komandamdan razıyam, düzgün yoldayıq.

- Slovakiya ilə matçın ikinci yarısında top saxlaya bilmirdiniz. Qara Qarayev və Rəhim Sadıqovun dəvət olunmaması burada öz təsirini göstərdi? İkinci hissədə qorxaq futbol oynadınız...

- Düşünmüliyik ki, komandadakılarla nə edə bilərik. Komanda olanlardan razıyam. Keçmişə baxsaq, həmin oyunçularla çox oyunlar uduzmuşuq. İlk gündən deyirəm, millinin qapısı hamı üçün açıqdı. Bu, bağlana da bilər. Millidəsənsə, özünü düzgün aparmalısan. Bu, mənim üçün önəmlidi.

- Elvin Camalov klubda özünü yaxşı göstərir, millidə isə özünü itirir. Onu niyə milliyə dəvət edirsiz?

- Çox vuruşqan futbolçudu, gücünü meydanda qoyur. Vacib futbolçudu. Oynadı və ya oynamadı, həmişə özünü düzgün aparır. Slovakiyaya qarşı yaxşı oynadı. Ondan razıyam. "Sabah"ın da liderlərindəndi.

- Milli oyunçularına 30-35 minlik mükafat veriləcək. Bu, bir oyun üçün hesablanıb? Sizcə, bu, futbolçulara mənfi, yoxsa müsbət təsir edəcək?

- Bu barədə açıq danışmıram. Kim sizə o xəbəri deyib, danışa bilərsiz.

- Azərbaycan millisində qalmaq istəyirsiz? Qalsanız, hansı iddialarınız olacaq?

- Müqaviləm sentyabrın 30-da bitir. Oktyabrın 1-də nə etmək istədiyimi deyəcəm sizə.

- Demişdiz ki, milliyə çağırılmamağının səbəbini Qara Qarayevdən soruşun. Həmin məsələyə aydınlıq gətirə bilərsiz?

- Komandanın içində olan şeylər orada da qalır. Bu barədə danışmağı sevmirəm. Özü məndən soruşsa, deyərəm. Amma özü bunu sizdən də, məndən də yaxşı bilir.  Heç vaxt komandada olan sirri demərəm. Düzgün deyil. Belə şeylər etsək, böyük komanda qura bilmərik. Boş-boş danışıqlardı. Özüm güzgümə baxıram, fikiləşirəm, nəyi düz etdim, nəyi səhv.

- Bu komanda sizin şəxsi komandanız deyil, ölkənindir. Yəni, birinci ağızdan sizdən eşitmək lazımdı...

- İki dəfə sizə dedim. Amma başa düşmürsüz.

- Milli heç vaxt ardıcıl üç dəfə qələbə qazanmayıb. Sabah bunu edə bilərsiniz. Bu, sizə nə dərəcədə stimul verir?

- Çox ağır oyun olacaq. Turnirin əvvəlində heç kim gözləmirdi ki, Qazaxıstan birnici yeri tutar. Amma çox xoşum gəlir. Birinci yerə layiqdilər. İki dəfə Slovakiyanı udublar. Sabah çox ağır oyun olacaq. Slovakiya ilə oyunumuzu unutmalıyıq. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Şamaxı Səbail Turan Tovuz Zirə
Banner left
Banner right