"Qəbələ” Topaz Premyer Liqasında yubiley mövsümünə start verir.
Newsport.az saytının klubun rəsmi saytına istinadən verdiyi xəbərə görə, bu gün 2015/16 mövsümündə ilk oyununa çıxacaq "qırmızı-qaralar” Premyer Liqada 10-cu mövsümə başlayacaq.
Ümumilikdə isə bu, 24-cü ölkə çempionatının startıdır. 2006/07 mövsümündə güclülər dəstəsində debüt edən komanda əvvəlki 9 mövsümdən ikisində çempionatı mükafatçılar sırasında başa vurub. Son iki yarışda ardıcıl iki bürünc medal qazanan "Qəbələ” növbəti medalını qazanmaq uğrunda mübarizəyə evdə start verəcək.
Əvvəlki 9 mövsümdə 272 oyun keçirən komanda Premyer Liqada 108 qələbə qazanıb, 66 heç-heçə edib və 98 dəfə uduzub. Bu oyunlarda "Qəbələ” 314 qol vurub, 301 qol buraxıb.
Qeyd edək ki, son iki mövsümün çempionu "Qarabağ”la qarşılaşacaq "Qəbələ" biri Premyer Liqa, üçü Avropa Liqasında olmaqla, ardıcıl 4 ev oyununda "quru" hesabla qalib gəlib. Üstəlik, "qırmızı-qaralar” 8 matçdır "doğma divarlar” arasında uduzmur.