Azərbaycan Premyer Liqasında VII turun “Zirə” – “Qarabağ” (1:7) oyunundan sonra təşkil edilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırdı.
Newsport.az-ın məlumatına görə, o, əvvəlcə matç barədə fikirlərini bildirdi...
- Danışacaq çox şey yoxdur. Rəqib açıq-aşkar üstün idi. İlk hissədə oyun düşündüyümüz kimi gedirdi. Fasilədən sonra istədiyimiz alınmadı. Nəticədə böyük hesabla uduzduq.
- Ağır məğlubiyyətin səbəbi nə idi?
- Çox səbəblər var. “Qarabağ” böyük motivasiya, istəklə oynayırdı. 43-cü dəqiqədə qol buraxmağımız bizə psixoloji zərbə oldu. Kobud səhvlərə yol verdik. Nəticədə böyük hesabla uduzduq. Rəqibin 8 qol epizodu oldu, 8-dən də yararlandılar. Nə vurdularsa, qol oldu. Yalnız bir epizod qaçırdılar. Hücum xəttində çox dəqiq oynadılar.
- “Qarabağ”ın ağır oyundan sonra çətinlik çəkəcəyi gözlənirdi. Siz də bunu düşünürdüz?
- Bəli. Ağır qrafikdə çətinlik çəkə biləcəklərini düşünürdük. Bu gün “Qarabağ” qarşısıalınmaz idi. 3-cü qoldan sonra komanda tamamilə oyundan qopdu. Hesabın böyüməməsi üçün dəyişikliklər etdik, ancaq alınmadı.
- “Qarabağ”ın bütün imkanlardan yararlandığını dediz. Müdafiəniz niyə bu qədər boşluq verdi?
- Müdafiədə boşluq var ki, cərimə meydançamızda imkan tapırlar. Bu gün Musanın günü idi. Hər komandanın uğursuz və uğurlu günləri olur. Bu gün hər ikisi var idi. Rəqibin uğurlu, bizim uğursuz günümüz idi.
- Çantakiasın ən zəif oyununu keçirdiyini demək olarmı?
- Tək o yox, bir çox futbolçu ən zəif oyununu keçirdi. Rəqib də çox sürətli oynayırdı. Mənim oyun fəlsəfəmdə meydanın mərkəzindən cərimə meydançasına asma yoxdur. Futbolçu öz ağlındakıları edəndə nəticə belə olur. Demək olar, bütün futbolçular potensialından aşağı çıxış etdi.
- Belə məğlubiyyətin komandada inamsızlıq yaradacağını düşünmürsüz?
- Hər məşqçinin karyerasında belə məğlubiyyətlər olur. Mən də özümü hazırlayırdım. Bu gün belə oldu. Qarşıda iki həlledici oyunumuz var. Bu gün üçün xala, qələbəyə ümidli idik. Amma reallıq odur ki, “Qarabağ” bizdən 2-3 baş üstündür. Vacib olan növbəti matçlarımızdır.
- “Qarabağ”ın Avropa Liqasındakı çıxışını necə dəyərləndirirsiz?
- Möhtəşəm!
- Qrup səddini aşa bilərlərmi?
- “Qarabağ” oyundan oyuna düşünür. İndi də belə olduğunu fikirləşirəm. Belə söhbətlərin komandaya zərərdən başqa təsiri yoxdur. Hamı növbəti oyun barədə düşünməli, qrupdan çıxmaq barədə danışmamalıdır.