Avropa Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Nant” oyunundan öncə mətbuat konfransı baş tutub.
Newsport.az xəbər verir ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərlə görüşdə bunları söyləyib:
“Mənim üçün danışmaq asan olmayan bir gündür. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Əfsuslar olsun ki, yenə də gənc övladlarımız canlarından keçiblər. Allah ailələrinə səbr versin.
Oyun haqqında çox da fikir bildirmək istəmirəm. Rəqibi analiz etmişik”.
Qurbanovun sözlərinə görə, “Nant”la oyundan əvvəl bir dəqiqəlik sükut ola bilər. 50 yaşlı mütəxəssis Azərbaycan-Ermənistan sərhəddində dünyasını dəyişən şəhidlərə görə matçın sükutla başlaması üçün klub tərəfindən UEFA-ya müraciət olunduğunu söyləyib: “Nə qərar verəcəklərini sabah bizə bildirəcəklər”.
Sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyuna saat 20:45-də start veriləcək.