"Türkiyə milisinin qapısında onlardan çox qol şansımız oldu" Millimizin baş məşqçisi

Xəbər verdiyimiz kimi, 18 yaşlılardan ibarət Azərbaycan milli komandası Bakıda təlim-məşq toplanışı keçirdi. Newsport.az xəbər verir ki, komandamız bu toplanış çərçivəsində Türkiyə millisi ilə iki yoxlama görüşü oynadı.

Yığmamız bu matçların birində son dəqiqələrdə qapımıza vurulan penalti ilə 0:1 hesabı ilə məğlub olsa da, digər qarşılaşmada 0:0-lıq heç-heçə qeydə alındı.

Millimizin baş məşqçisi Aqil Nəbiyev saytımıza açıqlamasında bu oyunlarla bağlı fikrini bildirib: “Avqustun 23-dən 31-dək toplanış oldu və bu müddətdə iki yoxlama görüşü keçirdik. Qısa vaxtda uşaqlardan nəsə almaq olmur. 8-9 gün toplanış olur. Daha çox taktiki tərəfdən çalışırıq. Futbolçuların fizikasında problemlər var idi. Çünki liqalar başlamayıb və onlar təcrübə baxımından əziyyət çəkirdilər. Rəqibdən fiziki olaraq geridəydik. Buna baxmayaraq keyfiyyətli futbol oynadıq. Türkiyə milisinin qapısında onlardan çox qol şansımız oldu. Onlar güclü komandadır. Qrupdan çıxıb və 2 mərhələ oynayıblar.

 Rusiyada, Almaniyada olan üzvlərimiz yox idi, bir futbolçu U-19 yığmasına çağırılmışdı. Əvvəllər dəvət alıb, sonradan dəvət almamış futbolçular çağırmışdıq. Uşaqlardan tam yox, amma razı qaldım. Bəzi məqamlar var...Çalışdıq ki, nəyisə inkişaf etdirək. Hər iki matçdan 100 faiz istədiyimizi ala bilmərik. Amma bizi qane edən tərəflər oldu. İkinci matçda planlarımız pozuldur. Futbolçumuzun biri 65-ci dəqiqədə simulyasiyaya görə 2-ci sarıdan sonra qırmızı vərəqə aldı. Yarım saata yaxın azlıqda oynadıq.

Növbəti toplanışımız oktyabr ayında olacaq. Hansısa beynəlxalq yoldaşlıq görüşü olacaq. Federasiyada işlər gedir, kimlə oynayacağımıza aydınlıq gələcək. Rəqibləri seçəndə həmişə keyfiyyətli komandalar olmasını istəmişəm. Çünki seçmə mərhələlərdə rəqiblərimiz güclü olur. Futbolçularımızın nəyə qadir olduğunu güclü rəqiblərlə oyunda görürük. Ötən il Gürcüstan, Bosniya və Herseqovina və Türkiyə yığması ilə oynamışdıq. Yenidən bu il Türkiyə ilə üz-üzə gəldik. İstəyimiz hər zaman keyfiyyətli komandalarla oynamaq lazımdır. 18 yaş qrupu elədir ki, Avropada bəzi ölkələrdə yoxdur, rəqib tapmaq çətindir. Sağ olsun ki, federasiya çalışır, rəqiblər tapır. Bu yaş qrupunun təcrübəsi elə də çox deyil. Çünki ötən il pandemiyaya görə oyunlar olmadı.  Az yoxlama oyunları keçirdik. Bu yaş qrupunun digər yaş qruplarından fərqli olaraq beynəlxalq təcrübəsi azdır. Ən yaxşısını etməyə çalışırıq ki, uşaqlar inkişaf eləsin”.

 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right