Ayxan Abbasov: "Hansısa nəticə bizi ruhdan salmalı deyil"

"Turan Tovuz" Azərbaycan Premyer Liqasının II turunun oyununda səfərdə "Səbail"i 1:0 hesabı ilə məğlub edib. 

Newsport.az-ın məlumatına görə, matçdan sonra keçirilən mətbuat konfransında Tovuz təmsilçisinin baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb:

- 9 il sonra Premyer Liqaya qayıtmaq, səfərdə qələbə qazanmaq çox böyük sevincdir. Futbolçularımı təbrik edirəm. Həqiqətən də ilk dəqiqədən sona qədər mübarizə apardılar. Azarkeşlərə təşəkkür edirik. Tovuzda da möhtəşəm idilər, bu gün burada da. Həm Bakıda yaşayanlar, həm Tovuzdan gələnlər bizi dəstəklədilər. Yeni komandayıq. Bu gün hər nəticə qeydə alına bilərdi.  Hansısa nəticə bizi ruhdan salmalı deyil. "Qəbələ" ilə oyundan sonra futbolçulara bildirmişdim ki, çempionat uzun marafondur və bizi ağır yol gözləyir. Bu yolda səbrli olub, inkişaf etməliyik. Bəzi futbolçularda oyundan oyuna fərq hiss olunur. Yeni gələn oyunçuların komandaya uyğunlaşması bizi sevindirir. Qarşıdakı oyunlara hazırlaşacağıq. "Qarabağ"la oyunumuz təxirə salındı. Onlara uğurlar arzulayıram. Digər oyuna hazırlaşmağa çalışacağıq.

- "Qarabağ"la oyundakı "Səbail"lə bu gün meydanda olan "Səbail" arasında hansı fərqlər var idi?

- "Səbail" də yeni komandadır, onlar da transferlər edib. "Qarabağ"ın səviyyəsi daha yüksəkdir. Bu gün demək olar ki, rəqibə qol imkanı vermədik. 

- Qol zamanı dördüncü hakimə niyə etiraz edirdiniz?

- Hakim Natan Oduvaya sarı vərəqə göstərdi. Bunun səbəbini soruşurdum. O da bildirdi ki, futbolçu qol vurandan sonra azarkeşlərə tərəf qaçdı, məhəccərlərin üstünə çıxmışdı.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah