Murad Musayev: "İki tur qlobal nəticələr çıxarmaq üçün erkəndi"

Premyer Liqanın ikinci turunun "Zirə" - "Sabah" matçından sonra qonaq komandanın baş məşqçisi Murad Musayev mətbuat konfransında iştirak edib.

Newsport.az-ın məlumatına görə, rusiyalı mütəxəssis görüşlə bağlı danışıb:

- Döyüşkən oyun alındı. Komanda qətiyyətlilik göstərdi. Hər iki komanda yaxşı hücumlar qurdu. Futbolçularımın oyuna yanaşmasından razıyam. Çətin dəqiqələrdə intizamı itirmədik. Bunun sayəsində qələbəni əldə etdik.

- Qələbədə həlledici amil nə oldu?

- Biz bir komanda kimi oynadıq və meydanda intizamlıydıq. 

- Meydanda ən yaxşılardan biri Yusif İmanov idi. Amma o, meydanın mərkəzinə qədər gəlir. Ona bu barədə siz tapşırıq vermişdiz?

- Biz müdafiə xəttini irəlidə qururuq. Qapıçının bizi sığorta etməsi önəmlidi. O, bunun üçün öndə olmalıdı.  

- Ötən mövsümlə müqayisədə daha güclüsünüz?

- Şadam ki, komandaya gələnlər bizə fayda verə bilir. Ancaq mövsüm sonunda nəsə demək olar. İndi iki yaxşı oyun oynamışıq. Amma daha 34 oyun oynamlıyıq.

- Yenə güclənəcəksiz?

- Biz bir futbolçu ilə müqavilə imzalamaq istəyirdik. Amma namizədlərlə anlaşa bilmirik.

- İstədiyiniz komandanı formalaşdıra bilmisiz?

- Biz bu yolda irəliləyirik və qarşıda çox iş var. Çünki hər fazada daha güclü olmalıyıq. İnanıram ki, daha yaxşı olacağıq. İki tur qlobal nəticələr çıxarmaq üçün erkəndi. "Zirə"nin iki əsas oyunçusu oynamırdı. Uzunmüddətli qiymət vermək üçün tezdi. Vaxt çoxdu. "Transfer pəncərəsi" də bağlanmayıb. Yəqin ki, bütün komandalar güclənməyə çalışacaq.

- Bu mövsüm sizin məqsədiniz nədir? Çempionluq mübarizəsi apara bilərsiz?

- Bizim hədəfimiz irəliyə addım atıb, avrokuboklara düşmək və medallar uğrunda oynamaqdı. Hər oyun daha yaxşı nəticə qazanmaq istəyirik.

- Gənc qapıçı ilə iddialı yerlər üçün oynamaq təhlükəli deyil?

- Hər bir qapıçı səhv edə bilər. Dünən özünüz gördüz ki, "Neftçi"nin qapıçısı əla seyvlər etdi, amma bir epizodda səhvə yol verdi. Yüz dəfə eyni zərbə gəlsə, buraxmazdı. Qapı elədir ki, bir səhv edəndə görünür. Amma hücumçu səhv edəndə heç kim görmür. Yusif ötən mövsüm və bu mövsümkü oyunu ilə qapıda dayanmağa layiqdi. Qapıçı mövqeyi çox çətindi. Tibo Kurtua da səhv edir. Bu elə mövqedir ki, mental cəhətdən çox güclü olmaq lazımdı. Səhv etsən belə, əsas olan ona verəcəyin reaksiyadı. 

- Namik Ələsgərovun oyununu necə dəyərləndirirsiz?

- Namik bu gün çox böyük iş gördü və vacib qol vurdu. Düzgün pressinq etdi və sonda qolunu vura bildi. Amma zədələnməsi bizim üçün üzücüdü.

- "Qarabağ"la çempionluq mübarizəsi aparmaq mümkündü?
- Oynayıb, görəcəyik.

- Çempionlar Liqasında "Qarabağ" uğurlu çıxışını davam etdirir. Sizcə, onlar "Viktoriya" səddini də keçə bilər?

- "Viktoriya"nın heç bir oyununu görməmişəm. Ona görə də sadəcə söz xətrinə nəsə demək istəmirəm. Amma "Qarabağ" təcrübəli komandadı. "Ferentsvaroş"la oyunlarda şanslar bərabər idi, amma onlar qollarını vurdu. Bu da onu göstərir ki, "Qarabağ" güclü psixologiyaya sahibdi. Onlar üç mərhələni keçibsə, demək ki, pley-off mərhələsində də şansları var. Proqnoz vermək üçün "Viktoriya"nın oyununa baxmaq lazımdır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right