"Nurlan İbrahimova qarşı edilən haqsızlıq sona çatacaq" - “Şamaxı” rəsmisi

Bir müddət öncə “Şamaxı”nın mətbuat xidmətinin rəhbəri təyin olunan Yusif Hüseynov ölkə futbolunda ən gənc media əlaqələndiricilərindəndir. Onunla futbol sahəsindəki fəaliyyəti, bu posta gəlişi, yeni işindəki gələcək planları barədə söhbətləşdik...

- Təyinatınız necə alındı?
- “Şamaxı” klubunun sabiq mətbuat katibi Səbuhi Məmmədov zəng edib namizəd olduğumu dedi. Ondan sonra klub prezidenti Elçin Usubla görüşdük. Mətbuat Departamentinin iş prinsiləri barədə müzakirələrimiz oldu. Klubun şərtlərini söylədi, mən də öz fikirlərimi bildirdim. Yekunda razılığa gəldik.

- Təklifi qəbul etmək çətin olmadı?
- Əslində, bir qədər çətin oldu. Çox fikirləşdim. Daha öncə klubda media sahəsində çalışsam da, mətbuat xidmətinin rəhbəri olmaq tamam fərqlidir. Ona görə bacarıb-bacarmayacağımla bağlı bir az düşündüm. Ətrafımdakı təcrübəli insanlarla məsləhətləşdim. Hər biri bacaracağımı söylədi. İkinci məsələ klub rəhbərliyinin şərtlərimi yerinə yetirib-yetirməyəcəyi ilə bağlı idi. Mənim istəyim o idi ki, mətbuatla işə müdaxilə edilməsin və “Şamaxı” daim ictimaiyyətə açıq olsun, heç nə gizlədilməsin. Danışıqlarımız zamanı məlum oldu ki, onların da əsas məqsədi elə budur.

- Əslində, çox fikirləşməyiniz qeyri-adi deyil. Çünki son illərdə “Şamaxı”, öncəki adı “Keşlə” ilə media arasında bir uçurum yaranıb. Obrazlı desək, həmin uçurumdan yuvarlanmaqdan çəkinmirsiz?
- Dediyinizdə həqiqət var. “Keşlə” bir qədər mətbuata qapalı klub idi. Məqsədimiz dediyiniz o uçurumu aradan qaldırmaqdır. Klub rəhbərliyi ilə danışıq zamanı da bildirdim ki, mətbuata daim açıq olmalıyıq. Fikrimcə, idman jurnalistləri bu sahədə ən çox əziyyət çəkənlərdəndir. Qarda-boranda belə stadionlarda olur, oyunları işıqlandırırlar. Onların rahatlığını təmin etmək, istədikləri informasiyanı əldə etməkdə onlara kömək olmaq bizim borcumuzdur. Klub rəhbərliyinin də məndən tələbi odur ki, yaranan həmin boşluğu aradan qaldıraq.

- “Şamaxı”nın mətbuatla işinin hazırkı durumunu necə dəyərləndirirsiz?
- Səbuhi Məmmədov indiyə qədər burada tək çalışırdı. Bunu nəzərə almaq lazımdır. Mətbuat xidmətinin yaxşı fəaliyyəti komanda işi ilə formalaşır. Buna nail olmaq istəyirik. Yəqin ki, bir qədər zaman lazım olacaq. Sosial şəbəkələr indiyə qədər o qədər aktiv olmayıb. Artıq işə başlamışıq. Bir neçə gün öncə jurnalistləri Şamaxıya dəvət edib, mövsüm öncəsi geniş təqdimat mərasimi keçirdik. Yeni saytımız təxminən 1 aya istifadə veriləcək. Köhnə saytda həm dizayn, həm də funksionallıq baxımından problemlər var idi. Yavaş-yavaş formalaşdırıb, normal bir iş ortaya qoymağa çalışacağıq. Səbuhi müəllim klubda başqa vəzifəyə təyin olunsa da, öz köməyini, dəstəyini əsirgəmir.

- Komanda işi demişkən, media ilə bağlı hansı əməkdaşların cəlb olunması gözlənilir?
- İlk hədəfimiz yaxşı fotoqraf cəlb etməkdir. Bundan başqa dizaynerə ehtiyacımız var. Axtarışlarımız davam edir.

- Azərbaycan klublarında bir çox hallarda mətbuat xidməti rəhbərləri sanki “hərşeyşünas” olur, onlara öz vəzifələrindən əlavə xeyli işlər tapşırılır. Sizin bununla bağlı hər hansı şərtiniz olubmu ki, yalnız media ilə əlaqəli işlər görəcəksiz?
- Düzü, bununla bağlı şərt irəli sürməyi lazım bilmədim. Çünki mətbuat xidməti adından da bəlli olduğu kimi, media ilə əlaqələlərdən məsuliyyət daşıyır. Bir müddətdir, klubdayam. Hər sahə üzrə əməkdaşlar, peşəkar kadrlarımız var, mənim öhdəmə də yalnız media ilə bağlı işlər düşür.

- Son illərdə klubda mətbuatla əlaqəli hər hansı tədbiri xatırlamıram. Hətta Şamaxıya köçəndə stadiona media-turu da AFFA təşkil etmişdi. Siz isə təqdimat mərasimi keçirdiz və mətbuat nümayəndələrini Şamaxıya topladız. İşə həvəsli başladığınız görünür...
- Mediaya qapalılığın aradan qalxması rəhbərliyin əsas məqsədi idi. Klubun mətbuata açıq olmasını istəyirik. “Şamaxı”ya yeni rəhbərlik, baş məşqçi təyinatları olsa da, çox insanın xəbəri yox idi, açıq suallar qalmışdı. Təqdimat tədbiri təşkil etməklə ictimaiyyəti məlumatlandırmaq istədik. Mətbuat konfransında İdarə Heyətinin sədri jurnalistlərlə birbaşa ünsiyyətdə oldu. Bu, klub rəhbərliyinin təşəbbüsü idi. Məncə, belə fəaliyyətlərimiz davamlı olacaq. Ev oyunlarımıza jurnalistlərin gəlməsini istəyirik. Media üçün ən azı Bakıdan Şamaxıya nəqliyyat vasitəsi təşkil etməyi planlaşdırırıq.

- Yaxın gələcək üçün ilkin planlar nələrdir?
- Sosial şəbəkələrdə aktivlik sıfır dərəcəsində idi. Bu vəziyyəti dəyişmək istəyirik. Hər oyundan öncə azı bir futbolçudan açıqlama yaymaq istəyirik. Azarkeşlərimiz bilməlidir ki, hazırlıq necə gedir. Bundan başqa, əsas komandanın məşqçilər heyəti ilə razılığımız olub ki, mediaya heç bir qadağa olmayacaq. İstənilən vaxt, istənilən jurnalist müraciət edərək, komandanın məşqini çəkə, futbolçu və məşqçilərdən açıqlamalar ala bilər. Hələlik planlarımız bunlardır.

- Mətbuat sahəsi idman sahəsindən kənardır, amma nəticələr bütünlüklə klubun fəaliyyətinə təsir edir. Məğlubiyyətlər olsa, elə dediyiniz sosial şəbəkə hesablarınızda azarkeşlərin tənqidləri çoxalsa, bu, sizin iş motivasiyanızı aşağı salmayacaq?
- Ümumiyyətlə, klubda hər şey demək olar ki, sıfırdan başlanıb. Bura bizim fəaliyyətimiz də daxildir. Eynilə komanda da yeni formalaşdırılıb. Keçən ilki heyətdən çox az futbolçu “Şamaxı”da qalıb. Klubun strategiyası yerli oyunçulardan istifadə etməkdir. Bu barədə rəsmi açıqlama da var. Futbolçularımızın əksəriyyəti gənclərdir. Tezliklə yaxşı nəticələr olmaya bilər. Mətbuat xidməti olaraq çalışmalıyıq ki, tənqidlər futbolçulara mənfi təsir etməsin. Bunun qarşısını almağa çalışmalıyıq. Futbolçulara aşılamaq istəyirik ki, tənqidlər normaldır və onların inkişafı üçündür. Nəticə olmayan yerdə bunlar normaldır. Doğru yol getmək istəyirik.

- “Qarabağ”da çalışdığınız vaxtlarda sosial şəbəkə hesablarında böyük aktivliyə nail olmuşduz. Ən çox diqqət çəkən postlar arasında “Atletiko”, “Yuventus” kimi klublara atmacalarınızı xatırlayıram. Futbola əlavə rəng qatmaq üçün “Şamaxı” çapında oxşar addımlarınızı gözləyək?
- Əlbəttə, şirin atmacalardır. Bunlar olacaq. Top-klubları qeyd etdiz, ancaq yerli çempionatda da oxşar paylaşımlar etmişdik. Təbii ki, “Şamaxı”da da olacaq. Bunlar həm azarkeşlərin xoşuna gəlir, həm də rəqiblər tərəfindən müsbət qarşılanır, mübarizəyə, əlavə rəng qatır, rəqabəti artırır.

- Deməli, növbəti mövsüm “Şamaxı”nın mətbuat xidməti aktiv fəaliyyəti ilə seçiləcək...
- Əsas məqsədimiz budur.

- “Qarabağ”da çalışdığını qeyd etdik. Orada Nurlan İbrahimovla birgə işləmisən. Nurlan UEFA tərəfindən cəzaya məruz qaldıqdan sonra sən də öz istəyinlə işdən ayrılmışdın...
- Həddən artıq ağır qərardır. Nurlan İbrahimov dörd qız uşağı atasıdır. Feysbukda paylaşımı etdiyi zaman Bərdəyə erməni raketi atılması nəticəsində bir qız uşağı həyatını itirmişdi. O da istər-istəməz emosiyalara qapılıb, paylaşım etmişdi. Prosesdə çox şübhəli məqamlar var. Ümid edirəm ki, CAS ən qısa zamanda doğru qərarı verəcək və Nurlan İbrahimova qarşı edilən haqsızlıq sona çatacaq. Artıq bir neçə dəfədir, qərarın verilməsi təxirə salınır. Yekun qərarın ədalətli olacağına ümid edirəm.
Qaldı ki klubdan ayrılmağıma, orada unudulmaz 5 il yaşamışam. Ən acı məğlubiyyəti də görmüşük, amma “Kopenhagen”lə oyun möhtəşəm bir gecə idi. Mənim üçün böyük təcrübə oldu. Madriddə, Romada media departamentinin fəaliyyəti ilə tanış olmuşdum. Ancaq məni kluba gətirən bir insan işdən uzaqlaşdırılmışdısa, mənim də orada yerim yox idi. Biz iki nəfər olsaq belə, adımızdan söz etdirməyi bacarmışdıq. Nurlan getdikdən sonra orada alınmazdı.

- Sonradan bu qərarla bağlı peşmanlığın oldu?
- Heç vaxt. Bir an belə peşman olmamışam. Əksinə, hər zaman daha qürurlu idim. Yeni mətbuat katibi qalmağı təklif etmişdi, amma qala bilməzdim. “Qarabağ” həmişə xoş xatirələrlə yadımda qalacaq.

- Son olaraq PFL-də işləyirdin. Gedişin Ramin Musayevin ayrılığı ilə eyni günə düşdü...
- PFL bir məktəbdir. Ora iş yerindən artıqdır, istər kollektiv, istərsə də iş fəaliyyəti baxımından. Aslan Şahgəldiyev (PFL-in mətbuat xidmətinin rəhbəri – red.) elə bir sistem yaradıb ki, hər kəs öz işini çox gözəl bilir. Çox peşəkar qurumdur. Hər sahənin öz adamı var və işlərini lazımınca görürlər. PFL-dən Ramin müəllimlə eyni gündə ayrılmağımıza gəlincə, bu, təsadüfdür. Həmin gün şəxsən özü ilə halallaşdım. Onda hələ iclas olmamışdı. Xeyir-duasını verdi və bildirdi ki, hər zaman dəstək olmağa hazırdır.

futbolpress.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right