Laurentsiu Regekampf: "Futbolçularımın zədələnə biləcəyindən narahat idim"

"Üç xal qazandığımıza görə sevinirəm. Bizim üçün bir az çətin perioddu. Bugünkü oyunun start heyətində daha çox ikinci heyətdə yer alan futbolçular var idi. Onlar da şans, təcrübə qazanmalıdı. Əsas düşüncəmiz də avrokuboklarda növbəti mərhələyə adlamaqdı. Meydança sünii örtüklü olduğuna görə, futbolçularımın zədələnə biləcəyindən narahat idim. Qapıçımızı itirdik və bu, üzücüdü. Ümidvaram ki, Aqil tezliklə komandaya qoşulacaq. İndi hazırda cəmi iki qapıçımız var. Çünki Rza da milli komandanın heyətindədi. Çətin vəziyyətdəyik".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf Misli Premyer Liqasının 1-ci turunun "Şamaxı" ilə matçından sonra keçirilən mətbuat konfransında deyib.

Rumıniyalı mütəxəssis əsas heyətdə meydana çıxan gənc futbolçular barədə də fikirlərini bildirib: "Bütün futbolçularımı qələbə münasibətilə təbrik edirəm. Bu görüş Avstriyada keçirəcəyimiz "Rapid"lə oyuna hazırladığımız planın bir hissəsi idi. Əsas odur ki, üç xalı qazandıq. Bizim üçün vacib idi. Uşaqlardan pozitiv siqnallar aldım. Fasilə zamanı onlara dedim ki, özlərinə daha çox inanmalı, meydanda daha təhlükəli, qapıya daha meyilli olmalıdılar. Hamısı birlikdə demək olar ki, ilk dəfə idi oynayırdılar. Meydanda çox aqressiv idilər, rəqibə yaxın oynamağa çalışırdılar. Top itkisindən sonra onu dərhal qazanmağa çalışırdıq. Topa daha çox biz sahib idik. Düşünürəm ki, oyundan-oyuna daha da artıracaqlar və inam gələcək".

Regekampf "Başakşehir"dən yenidən icarəyə götürülən Mert Çelik və "Minsk"dən transfer edilən Yegor Boqomolski barədə isə bu cür danışıb: "Rapid"ə qarşı hansı heyətin oynayacağından danışmayacam. Sırf olaraq, Mert haqda da danışmaq istəmirəm. Düşünürəm ki, müdafiə xəttindəki futbolçuların hamısı yaxşı oyun göstərdi. Biz Mertin keyfiyyətini bilirdik, ona görə komandamıza cəlb etdik. Konfrans Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq istəyiriksə, oyunçuların hamısı oynamalıdı. Ağır proqramdı, amma yüksək səviyyə tələb olunur.

Yegor Boqomolski bu gün çox qaçdı. İlk rəsmi oyunu idi. Çox qaçdı, mübarizə apardı, birinci hissədə də qol vurmaq üçün şans əldə etdi. Son saniyədə isə qərar verə bilmədi. Yeqor gənc futbolçudu, amma döyüşkəndi, səviyyəsini qaldırmaq üçün kifayət qədər vaxtı var".

"Neftçi"nin çalışdırıcısı ikinci hissədə zədələnərək oyunu yarımçıq tərk edən Aqil Məmmədovun durumunun hələ aydın olmadığını söyləyib: "Aqilin durumunun nə yerdə olduğunu dəqiq bilmirəm. Oyundan sonra ona yaxınlaşdım. İlk təəssüratım odur ki, burnu qırılıb. Gözləməliyik, xəstəxanaya getdikdən sonra durumunu biləcəyik. Amma hazırda onun durumu yaxşı görünmür".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right