"Sumqayıt"In baş məşqçisi Aleksey Baqa Türkiyə toplanışında qonşu ölkənin "Bandırmaspor" klubuna qarşı yoxlama oyunu barədə fikirlərini bildirib.
Newsport.az-ın məlumatına görə, belaruslu mütəxəssis 2:2 hesablı heç-heçə ilə başa çatan matçı belə şərh edib:
“Öz liqasında yüksək yerlər uğrunda mübarizə aparan güclü komanda ilə maraqlı qarşılaşma alındı. Heyətində səviyyəli legionerin də yer aldığı güclü kollektivə qarşı oynadıq. İlk yoxlama matçı olmasına baxmayaraq, futbolçularımın oyuna münasibətindən razı qaldım. Azərbaycanda keçirdiyimiz yoxlama oyunlarını unudub burdakı matçlara köklənmişik. Baxımlı qollar vurduq, bəzi imkanları boşa verdik. Öz qapımızda da qollar gördük. Belə deyim, çox məhsuldar qarşılaşma oldu. Hesab məni o qədər maraqlandırmır. Futbolçuların əzmkarlığı, oyuna yanaşması məni qane etdi. Düşərgəmizdə yeni oyunçular var. Futbolçularımız onların qısa vaxtda kollektivə uyğunlaşması üçün yardım edirlər ki, bu da oyunda özünü göstərir”.