"Qarabağ"ın mübarizə apardığı Çempionlar Liqası, eləcə də "İnter" və "Qəbələ"nin çıxış etdiyi Avropa Liqasında klubların qrupa düşəcəkləri halda nə qədər qazanacaqları bəllidi.
Newsport.az-ın məlumatına görə, qitənin ən nüfuzlu klub turnirində qrupa düşən komandalar 12 milyon avro əldə edəcək. Qrup oyunlarında qalibiyyət ödənişi 1,5 milyon, heç-heçə 500 min avrodu.
1/8 finala yüksələnlər 5,5 milyon avro qazanacaq. 1/4 final mükafatı 6 milyon avro olacaq. Yarımfinala yüksələnlər xəzinələrinə 7 milyon avro qazandıracaqlar. Finalda çempion olan komandaya 15 milyon, uduzana isə verilən mükafat 10,5 milyon avrodu. ÇL-in qalibi ümumilikdə 54,5 milyon avro qazanacaq.
Qitənin ikinci dərəcəli klub turnirində paylanacaq pul mükafatı bu il yüksəkdi. Avropa Liqasının qalibi ümumilikdə 15 milyon 310 min avronun sahibi olacaq. Qrupa düşən komanda 2,4 milyon avro qazanacaq. Qrup görüşlərində qalibiyyət 360 min avro, bərabərlik 120 min avro dəyərindədi.
Qrup liderliyi üçün 500 min, qrup ikinciliyi üçün 250 min avro ödəniləcək. 1/16 finala yüksələnlər 500 min, 1/8 finalçılar 750 min avro, 1/4-ə adlayanlar isə 1 milyon avronun sahibi olacaq. Yarımfinalda qarşılaşacaq komandalar 1,5 milyon, finala çıxanlar 3,5 milyon avro alacaqlar.
Çempionluq mükafatı isə 6,5 milyon avrodu. "Qarabağ" Çempionlar Liqasının III təsnifat mərhələsində "Seltik"lə, "İnter" və "Qəbələ" isə Avropa Liqasının III təsnifat mərhələsində müvafiq olaraq Bilbao "Atletik"i və "Apollon" ilə üz-üzə gələcəklər.