Murad Musayev: "Həm rus, həm də ukraynalı futbolçularla bağlı işləyirik"

Premyer Liqanın XIX turunun "Sabah" - "Qarabağ" matçından (0:1) sonra meydan sahibi komandanın baş məşqçisi Murad Musayev jurnalistlərin suallarını cavablandırdı.

Newsport.az-ın məlumatına görə, rusiyalı mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bildirdi:

- "Qarabağ" layiqli qələbə qazandı. İlk hissənin ortalarına qədər bərabər səviyyəli oyun gedirdi. Qol imkanlarımız oldu. Qol buraxdıqdan sonra kəskin və aqressiv ola bilmədik. Bunun üçün də hesabı bərabərləşdirə bilmədik.

- Futbolçuların rəqibin adından çəkindiyini deyə bilərik?
- Mental cəhətdən oyuna çox hazır deyildik. Daha yaxşı oynaya, müsbət nəticə əldə edə bilərdik. Rəqibdən bir az çəkinmə oldu.

- Bu gün real qol şansınız yox dərəcəsində oldu. Bunun səbəbi nə idi?
- Rəqibin gücünü nəzərə almaq lazımdır. İkinci hissədə bəzi epizodlarda düzgün oynamadıq. Heyətimiz tam optimal deyil. Seblayos uzunmüddətli zədədəb qayıdıb. Kamara hələ tam hazır deyil. Bəxtiyarın dəyişikliyinin bizə bir az zərəri oldu. Əvəzetmə sayımız azaldı.

- Rusiya - Ukrayna müharibəsinə görə klublarından ayrılan və azad agent olan rus və ukraynalı futbolçular var. Bundan istifadə etməyi düşünürsüz?
- Maliyyə cəhətdən çətin olar. Bəzi oyunçulara müraciət etmişdik, amma indiki halda bu, mümkünsüzdür. Bu istiqamətdə çalışmalarımız olacaq. Həm rus, həm də ukraynalı futbolçularla bağlı işləyirik.

- Coy-Lens Mikkels qış fasiləsindən sonra sanki zəif çıxış edir.
- Qışdan sonra komanda olaraq yaxşı çıxış etmirik.

- Turnir cədvəlindəki vəziyyətə baxanda futbolçuları oyuna motivasiya etmək çətin olmur?
- Futbolçularımın motivasiyası yüksək olmalıdır. Kişisənsə, özünəinamlı olmalısan. Motivasiyan yoxdursa, başqa sahəyə yönəlməlisən. Hər oyunçu ilə danışsan, deyəcəklər ki, Avropaya getmək, millidə oynamaq istəyirəm. Bunun üçün çox çalışmaq lazımdır. Hər idmançının özünə inamı varsa, motivasiyası da olmalıdır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right