Premyer Liqanın XIX turunun "Sabah" - "Qarabağ" matçından (0:1) sonra qonaq komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı.
Newsport.az-ın məlumatına görə, o, əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi:
- Komandamı təbrik edirəm. Həqiqətən də çox yaxşı komandaya qarşı oyunda 3 xal qazandıq. Meydanda intizamlı iki komanda var idi. Oyunu yaxşı təhlil edən komandalar var idi. Qolu kim vursaydı, oyunun nəticəsi də onun xeyrinə olacaqdı. Futbolçularımdan çox razı qaldım. Oyunu sonadək əldə saxlamağı bacardılar. Meydanda iki dinamik komanda gördüm.
- Ozobiçin oyununu şərh edə bilərsiz?
- Pis oynadığını deməzdim. Ozobiç meydanda ən çox qaçan oyunçulardandır. Bəzi epizodlarda zonasında tez ola bilmirdi. Komanda yoldaşları ona irad bildirmirdi, sadəcə danışırdılar. Ümumi götürsək, Ozobiç xoş təsir bağışladı.
- Bu gün demək olar ki, qol imkanı yarada bilmirdiz. Bu, nə ilə bağlıydı?
- Cərimə meydançasına girilən epizodlara baxsaq, 4-5 imkanımız oldu. Sadəcə, son zərbələrədək çatmadı. Rəqib komandanın oyunçuları çox yaxın oynayırdılar. Həm də futbol elə səviyyəyə gəlib çatıb ki, standart vəziyyət və ya bir epizod matçın taleyini həll edir. Futbolçuların intizamlı və istəkli olmaları çox önəmlidir. Qol epizodları bəzi oyunlarda az, bəzilərində çox ola bilər
- Toralın durumu nə yerdədir?
- Ayağında bir az şiş oldu. Yəqin ki, sabah tam bilinəcək. Ağrılar çox olsa MRT olunacaq. Düşünürəm ki, çox da ciddi zədə deyil.
- Bədavini bu mövsüm meydanda görə biləcəyik?
- İnşallah, hə. Uyğun zaman axtarırıq. İlk dəqiqələrdən meydana buraxmaq istəmirik. Milli komandaların oyunlarına görə yaranan fasilədə hazırlıq matçı keçirməyi planlaşdırırıq. Burada ona şans verə bilərik.
- Rusiya - Ukrayna müharibəsinə görə klubundan ayrılmış çox oyunçular var. Sizinlə əlaqə quran menecer var?
- Xeyr, heç bir əlaqə olmayıb.
- Maksim Medvedevi demək olar ki, artıq mərkəz müdafiəçisi kimi görürsüz.
- Bəli, ehtimal ki, mərkəzdə oynayacaq.
- Abbas nə üçün ehtiyatda idi?
- Heyətdə rotasiyalar edirəm. Bu səbəbdən ehtiyatda qaldı. Həm ondan, həm də Veşoviçdən razıyam.
- Xaymebu mövsüm meydana çıxacaq?
- Görə bilərik, amma bütün oyun boyu deyə bilmərəm. Məşqlərə qoşulsa da, yükləmələr zamanı fərdi çalışır. Mövsümün sonuna kimi əvvəlki formasını bərpa etməsi çətin görünür.