“Zirə”nin qış transfer pəncərəsində heyətinə cəlb etdiyi legionerlərdən biri də Hamidu Keytadır.
Newsport.az xəbərinə görə, 27 yaşlı sol vinger hələ ki, uğurlu oyunu ilə diqqəti cəlb edir. “Zirə” onunla 1,5 illik müqavilə imzaladığını bu il yanvarın 26-da açıqlayıb.
O vaxtdan Seneqal əsilli fransalı futbolçu Azərbaycan Premyer Liqası və kubokunda ümumən 4 oyun (hər birində 2 oyun) keçirib və komandasının uğurlarında böyük pay sahibi olub. Keyta 4 oyuna 3 qol vurub (1-ni kubok, 2-ni Premyer Liqada). O, dünən “Sabah”a qarşı keçirilən Premyer Liqanın 16-cı turunun vacib matçında (2:0) komandasının hər iki qolunun müəllifi olub.
Qeyd edək ki, Keytanı “Neftçi”nin sabiq idman direktoru Ceyhun Sultanov “Zirə”yə təklif edib. Baş məşqçi Rəşad Sadıqov da bəyəndiyi üçün futbolçu transfer olunub.
Əlavə edək ki, Keyta Fransanın "Oser", "Havr", “Trelissak”, “Sent Etyen”, “Şambli”, Rumıniyanın “Dunerya”, “Farul” və “Botoşoni” klublarında çıxış edib. “Zirə”yə gələnə qədər Keytanın son klubu Portuqaliya “Santa Klara”sı olub.