Namik Ələskərov: "Bursaspor"la Superliqaya yüksəlmək istəyirəm"

"Təlim-məşq toplanışımız yaxşı keçib və müsbət əhval-ruhiyyədə hazırlaşmışıq. Bunun bəhrəsini növbəti oyunlarda görəcəyik".

Newsport.az məlumatına görə, bunu Türkiyənin "Bursaspor" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Namik Ələskərov "Lifebursa" nəşrinə müsahibəsində deyib.

27 yaşlı yarımmüdafiəçi fiziki və taktiki hazırlıqlara önəm verdiklərini vurğulayıb.

Ələskərov bildirib ki, "timsahlar"a keçərkən çempionluğu hədəfləsə də, hazırda komandası pis vəziyyətdədir: "Hədəflədiyimiz yerdə deyilik. Çətin vəziyyətlə üzləşdiyimizi düşünürəm. "Bursaspor"un necə böyük klub olduğunu bilirik. İnanırıq ki, bu vəziyyətdən çıxacağıq və daha yaxşı yerlərə gələcəyik".

Yarımmüdafiəçi qarşılaşmalarda standart vəziyyətlərdən fərqlənmək istədiyini sözlərinə əlavə edib: "Bu mövsüm oynadığım qarşılaşmalarda bir penalti imkanım olub, onu da qolla nəticələndirmişəm. Bunlardan başqa cərimə zərbəsi və penalti vurmaq şansım olmayıb. Amma fürsət düşsə, dəyərləndirmək istəyərəm".

Ələskərov karyerası ərzində əsasən sağ cinahda oynadığını diqqətə çatdırıb: "Ötən mövsüm keçmiş komandamda bütün görüşlərdə hücumçu mövqeyində çıxış edirdim. Seçim etmək çətindir, amma özümü hücumda daha rahat hiss edirəm".

Oyunçu Bursa təmsilçisində rəhbər dəyişikliyinin olacağına da münasibət bildirib: "Bu mövzunu komanda və məşqçilərlə danışdıq. Bütün diqqətimizi oyunlara verməliyik. İşimiz meydandadır. Əlimizdən gələni etməliyik. Konsentrasiyamızı meydandan kənar məsələlərlə pozmaq istəmirik. Digər məsələlərlə çox maraqlanmırıq".

Təcrübəli futbolçu "Bursaspor"un baş məşqçisi Tamer Tuna haqqında da fikirlərini bölüşüb: "Onun bizimlə olduğunu hiss edirik. Oyunçulara motivasiya və dəstək verir. Məncə, çox yaxşı baş məşqçidir. Azərbaycanda hər kəs "Bursaspor"un nə qədər böyük klub olduğunu bilir. Bu mövsüm istədiyimiz kimi olmadı. Amma inanıram ki, hər şey düzələcək".

Ələskərov gələcəkdə də bu komandanın formasını geyinmək istədiyini deyib: "Uzun müddət "Bursaspor"da oynamaq istəyirəm. Burada həqiqətən xoşbəxtəm. Ümid edirəm ki, bu il bütün problemlər həll ediləcək, qarşıdakı mövsümdə daha iddialı olacağıq və mən də burada oynamağa davam edəcəyəm".

Yarımmüdafiəçi cari mövsüm komandada çoxlu baş məşqçi dəyişikliyinin olduğunu xatırladıb: "Hər bir baş məşqçinin fərqli istəyi var. Ötən mövsüm iki hücumçudan biri kimi meydana çıxırdım. Bu səbəbdən, qol vurmağa daha yaxın idim. Bu mövsüm isə cinahda oynayıram. Məqsədim komandaya daha çox fayda vermək, daha çox qol vurmaq və məhsuldar ötürmələr etməkdir. Hazırda ən önəmli hədəfimiz bu vəziyyətdən çıxmaq, aşağı pillələrdən xilas olmaqdır. Ondan sonra isə xallar toplayaraq üst pillələrə qalxmaq niyyətindəyik. "Bursaspor"a gələndə Superliqaya çıxmağı xəyal edirdim. Bu mövsüm olmadı. Hazırkı durum bunu göstərir. Amma ardıcıl qələbələr qazansaq, hər şey ola bilər. Bu dəfə alınmasa, növbəti növsüm "Bursaspor"la Superliqaya vəsiqə qazanmaq istəyirəm".

Qeyd edək ki, ötən ilin avqustunda "Bursaspor"a transfer olmuş Namik Ələskərov I liqa təmsilçisi ilə 2 illik müqabilə imzalayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right