Polşa mətbuatı “Legiya”dan ayrılacağı iddia edilən millimizin üzvü Mahir Emreli ilə bağlı növbəti xəbərləri yayıb.
Newsport.az xəbər verir ki, weszlo.com saytı 25 yaşlı hücumçunun “Legiya”ya məktub göndərərək klubun Dubay toplanışında iştirak etməyəcəyini bildirdiyini yazıb. Xəbərdə Mahirin Varşava təmsilçisi ilə müqaviləsini birtərəfli ləğv olunmasını istədiyi qeyd olunub.
Bu ərəfədə Polşa mətbuatında ortaya çıxan fikirlərdən biri də odur ki, menecerlər də daha çox pul qazanmaq üçün oyunçunun klubunu dəyişməsində maraqlıdır. Lakin Emrelini “Legiya”ya aparan Seven Yunayted agentliyinin nümayəndəsi Mateus Ozoq weszlo.com-a açıqlamasında bunu inkar edib:
“Bu, doğru deyil. Mahirə tövsiyə etdik ki, “Legiya”da qalsın və yazda klubun özünə gəlməsi üçün mübarizə aparsın. İnanıram ki, bu, hər iki tərəf üçün ədalətli, ən yaxşı həll yolu olardı. Bilirəm, Mahir məlum qalmaqladan sonra özünü pis hiss etdi, amma o, çox adamın dəstəyinə arxalana bilərdi. Bu gün görürük ki, başqa qərarlar da verilib, “Legiya” ilə danışıqlar üçün kənar şəxslər cəlb olunub. Mən bu prosesdə iştirak etmirəm”.
Xəbərdə o da qeyd olunub ki, Mahirin “Legiya”dan ayrılmasını ən çox onun ailəsi istəyir və Varşava təmsilçisindən hücumçu üçün təklif göndərən klublarla danışığa getməsini tələb edir. Lakin “Legiya”nın Mahiri aşağı məbləğə satmaq fikrində olmadığı bildirilib.