AZAL klubu dərin maliyyə problemi ilə üzləşib.
Newsport.az-ın məlumatına görə, hətta komanda dağıla bilər. Aldığımız məlumata görə, sırağagün klub nümayəndələriylə prezident Zaur Axundov arasında görüş olub. Axundov bildirib ki, biznesində böyük problemlər var və kluba baxacaq durumda deyil. Baxa bilər, bir şərtlə ki, büdcə tamamilə azaldılacaq. Maraqlıdır ki, klub prezidenti AZAL-ı saxlamaq üçün ancaq 100 min dollar illik büdcə ayıra biləcəyini bildirib: “Komandaya ancaq 100 min dollar verə bilərəm. Gedin, bütün legionerləri yollayın, cavan uşaqlarla oynayın. Mən ancaq əsas komandaya belə baxa bilərəm. Uşaq fubolu da mənlik deyil”.
Bu isə o deməkdir ki, AZAL-ın da süqutu yaxınlaşır. Artıq dünən bütün legionerlərə və klubda təcrübəli futbolçulara bildirilib ki, özlərinə komanda axtarsınlar.
Hətta öyrəndik ki, klubun vitse-prezidenti Fikrət Hüseynov bununla bağlı AFFA-nın baş katibi Elxan Məmmədovu da xəbərdar edib. Baş katib isə bildirib ki, narahat olmasınlar, yaxın 2-3 gündə AZAL-ın prezidenti Zaur Axundovla danışaraq problemi həll etməyə çalışacaq.
Bu isə o deməkdir ki, AZAL da AFFA-nın baş katibi Elxan Məmmədovun kurasiyasına keçir. Bununla da Məmmədov “Sumqayıt”, “Neftçi”, “İnter”, “Kəpəz” və “Simurq”dan sonra AZAL-ı da nüfuz dairəsinə daxil edir.