Bu gün Azərbaycan milli komandası AVRO-2016-nın seçmə mərhələsində 6-cı oyununa çıxdı.
Robert Prosineçkinin yetirmələri Osloda Norveçik qonağı oldu. Matçda 0:0 hesablı heç-heçə qeydə alındı və yığma komanda seçmə mərhələdə ilk səfər xalını qazandı.
Newsport.az-ın məlumatına görə, görüşdən sonra təşkil olunan mətbuat konfransında xorvatiyalı mütəxəssis öncə oyun haqda fikirlərini açıqladı:
"Hamını salamlayıram. Komandamızı yaxşı oyun münasibətilə təbrik edirəm. Biz səfərdə Norveçə qarşı oynadığımızı bilirdik və anlayırdıq ki, çox ağır oyun olacaq. Komanda topu özündə saxlamaq üçün əlindən gələni etdi. Rəqib çalışırdı ki, uzun oyunçuları ilə müdaifəmizə çətinliklər yaratsın. Hava toplarına üstünlük verdilər. Ancaq biz ayıq-sayıq oynadıq. Komanda yaxşı mübarizə göstərib, 1 xal qazandı.
Bu gün Azərbaycanda vacib bir gündür. Hamımız bilirik ki, Bakıda ilk Avropa oyunlarının açılışdır. Bilirik ki, bu vacib hadisədən sonra bütün ölkənin gözü bizdə olacaq. Bizdən uğur gözləyəcəklər belə gözəl hadisədən sonra. Bu amil də üzrəimizdə böyük təzyiq və böyük məsuliyət yaradırdı. Əlimizdən gələni etdik ki, bu durumdan başıuca çıxaq. Çox sevinirəm ki, Azərbaycan xalqını sevindirə bildik".
"Fürsətdən istifadə edib demək istəyirəm ki, oyunu və nəticəni Azərbaycan xalqına həsr edirik. Çox gözəl hislərlə gedir qayıdırıq və bu, bizi həddindən artıq sevindirir"
Daha sonra çalışdırıcı media nümayəndələrinin suallarını cavablandırdı:
- Əvvəlki oyunlardan fərqli olaraq Əfranı doğma mövqeyi olan sağ cinahda oynatdınız. Daha faydalı ola biləcəyini düşünüb bu addımı atdınız, yoxsa sadəcə taktiki sxem belə idi?
- Növbəti oyunlarda necə olacaq deyə bilmərəm, yəni Əfranı məsələn, güclü Xorvatiyaya qarşı da bu mövqedə oynadarammı, bunu dəqiq deyə bilmərəm. Ancaq bu oyunçün bunu düşündük və etdik. Əfran da göstərdi ki, bu cinahda daha faydalıdır. Ancaq növbəti oyunlara baxış da fərqli olaraq və taktiki düzülüşlərimiz və s. detallar da həmin oyunlara hazırlığa uyğun qurulacaq.
- Cavid Hüseynov bugünkü matçda nisbətən arxada oynayırdı. Bu nə ilə bağlı idi?
- Mən sizinlə razı deyiləm. Cavid bu matçda Malta ilə oyunda çıxış etdiyi mövqedə oynadı.
- Səfər matçına görə 4-5-1 taktiki sxemi şablon hesab edilir. Xüsusən, Norveçin bizdən üstün cəhətlərinin çox olduğunu nəzərə alsaq, əks-hücuma hesablanmış bu düzlüşü normal saymaq olar. Ancaq tək hücumçunun nəniki qol vəziyyətilərinin taleyini həll edə bilmədiyi, həta rəqib müdafiəçilərlə mübarizədə itdiyini görürük adətən. Siz bu problemə necə yanaşacaqsız, sxemdə yeniliklər edəcəksiz, yoxsa tək hücumçu yerinə daha yaxşı namizədlər axtarışına başlayacaqsız?
- Əvvəl ondan başayaq ki, rəqib Norveç idi. Yəni demək olar, bütün komponentlərdə üstün bir rəqib. Xüsusən öz meydanında xeyli güclü oynayır. Taktiki düzülüşə gəlincə, 4-1-4-1 düzlüşündə oynayırdıq. Razıyam ki, hücumçu problemimiz var. Ancaq mən hesab edirəm ki, bu gün Ruslan Qurbanov əlindən gələni elədi. O, tapşırıqları layiqincə yerinə yetirdi, yaxşı təsir bağışladı. Ancaq hücum mövqeyinə axtarışlarımız davam edir. Hər halda, əlimizdə material azdır. İcad eləyə, sehrbazlıq edə bilmərik. Gərək axtaraq. Ümidvaram ki, problemləri aradan qaldıracağıq. Əsas odur ki, bu istiqamətdə iş gedir və əlimizdən gələni edirik.
- Martin Odeqaard haqda nə deyə bilərsiz?
- Onu deyə bilərəm ki, gənc və perspektivli futbolçudur. Böyük gələcəyi var.