Ramin Quliyev: "Bunlar məğlubiyyətə görə bəhanələr deyil"

Azərbaycan Premyer Liqasının 1-ci turunun “Sabah” – “Səbail” oyunundan (0:1) sonra meydan sahiblərinin baş məşqçisi Ramin Quliyev mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Newsport.az-ın məlumatına görə, Quliyev öncə matçla bağlı fikirlərini bildirib:

- Rəqibi qələbə münasibətilə təbrik edirəm. Özümüzə gəlincə, baxımlı futbol oynadıq. Düzdü, bugün itirilən 3 xal çempionatda bizə lazım olacaq. Ancaq futbolçularımızın oyunundan, matça yanaşmasından razıyam. Doğrudu, uduzduq, amma futbolda belə nəticələr olur. İstənilən halda paltardəyişmə otağında futbolçularıma təşəkkür etdim. Çempionat oyunlarıdı, bəzən pis oynayıb qalib gəlirsən, bəzən də yaxşı oynayıb uduzursan. Bu da həmin oyunlardan biri idi.

- Komandanın oyununu tapması üçün nə qədər vaxt lazımdı?
- Komandanın yeni transferləri var. Üstəlik Xulio Sezar Rodriqes zədələdi. Kristian Sebalyosu da meydana buraxmağa tələsmirəm. Müdafiədə yeni oyunçular olacaq. Tam komplektləşməmişik, oyundan-oyuna daha fərqli komanda görəcəyik. Vaxta ehtiyac var. Ötən mövsüm 14-15 oyunçu getdi, yeniləri gəlib, zamana ehtiyacımız var. Lakin bunlar məğlubiyyətə görə bəhanələr deyil. 

- Rəhbərlik qarşısınıza hansı məqsədləri qoyub? Sizin yığdığınız heyət nə vəd edir?
- Belə heyət yığırıqsa, məqsəd avrokboklarda düşməkdi. Yaradılan şəraitdən sonra desək ki, avrokuboklar uğrunda oynamırıq, doğru olmaz. Potensialı qarşıdakı turlarda görəcəyik.

- Bəs, rəhbərlik məğlubiyyətə dözəcək?
- Bu suala cavab verməyim düzgün olmazdı. Qarşıya qoyulan məqsədi bilirəm. Tez bir zamanda məğlubiyyətdən nəticə çıxarıb, qarşıdakı oyunlara qələbə üçün çıxacağıq.

- “Səbail” bir standart vəziyyətdən qol vurdu. Sizcə, bu ədalətli idi? 
- Bir standart vəziyyətləri oldu, qolla yekunlaşdı. İkinci yarıda da qapıya bir zərbə vurdular. Amma rəqibin qələbəsinə kölgə salmaq istəmirəm.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right