vqustun 14-də Azərbaycan Premyer Liqasında 2021-2022-ci illər mövsümü başlayacaq. 30-cu ölkə çempionatında iştirak edəcək “Qəbələ” 16-cı mövsümünə start verəcək.
Newsport.az klubun saytına istinadən xəbər verir ki, yüksək dəstədə 2006-cı ildə debüt edən “qırmızı-qaralar” indiyədək 15 çempionatda qüvvəsini sınayıb. “Qəbələ” bu müddətdə 5 dəfə mükafatçılar sırasında yer alıb. “Qırmızı-qaralar”ın hesabında 2 gümüş (2016/17, 2017/18) və üç bürünc (2013/14, 2014/15, 2015/16) medal var.
Əvvəlki 15 mövsümdə komanda 440 matça çıxıb. Bu görüşlərdə 171 qələbə qazanan “Qəbələ” 118 dəfə bir xalla kifayətlənib. “Qırmızı-qaralar” 151 dəfə məğlubiyyətlə üzləşib. 528 qol vuran futbolçular 488 top buraxıb.
Komanda evdə və səfərdə eyni sayda – 220 oyun keçirib. Öz meydanında 97 qələbəsi olan “qırmızı-qaralar” 63 dəfə heç-heçə edib. 60 dəfə uduzan “Qəbələ” qonaqların qapısından 285 top keçirib və 206-nı buraxıb. Səfərdə 74 dəfə üç xal əldə edən futbolçular rəqib meydanlarında 55 sülhə imza atıb. 91 dəfə səfərdən xalsız dönən “Qəbələ” 243 qol vurub, 282-ni buraxıb.