Vidadi Rzayev: "Ozobiçlə futbolumuz düzələcək? Ondansa, yerli futbolçuların inkişafını fikirləşsinlər"

Azərbaycan futbolunun veteranlarından olan Vidadi Rzayev Sportal.az saytına müsahibə verib.

 

Newsport.az-ın məlumatına görəvaxtilə "Neftçi" və Azərbaycan millisində aparıcı simalardan olmuş Rzayev "ağ-qaralar"ın ÇL-dəki şanslarından, futbolumuzun hazırki durumundan danışıb.


- Sizin üçün də doğma sayılan "Neftçi" bu gün Çempionlar Liqasının ikinci təsnifat mərhələsində "Olimpiakos"un qonağı olacaq. Təmsilçimizin səfərdəki oyunu barəsində nə düşünürsünüz?
- Hər şeydən əvvəl "Neftçi"yə uğurlar arzulayıram. Bu kluba Azərbaycan futbolunun flaqmanı deyirik. Ümid edək ki, Bakıya uğurlu nəticə ilə dönsünlər. Öncədən proqnoz vermək mənə düşmür. Proqnoz da verərəm, doğru proqnoz vermədiyimə görə məndən inciyərlər. 


- Bəs, ilk mərhələdəki “Dinamo”ya (Tbilisi) qarşı oyunlar, "Neftçi"nin növbəti mərhələlərdə nəsə edəcəyinə ümid verirdi?
- "Neftçi"nin "Dinamo"ya qarşı Bakıdakı görüşü izlədim. “Neftçi”nin də, “Dinamo”nun da yaxşı qol imkanları var idi. Həmin oyunla, gələcəyə ümid verdi və ya vermədi deyə bilmərəm. Ancaq “Olimpiakos”un “Dinamo” olmadığı dəqiqdi. Yunanıstanın nəhəng klublarından biridi. “Dinamo”ya qarşı keçirilən görüşə baxıb, “Olimpiakos”la oyunu da müqayisə etmək doğru deyil. Çünki oyunlar fərqli də alınır. 


- “Neftçi”yə “Olimpiakos”la görüşdə nə kömək ola bilər?
- İstək öz yerində, bu olmalıdı. Çünki meydana çıxanda istək olmadısa, heç meydana çıxmağa dəyməz. Yəqin ki, “Neftçi” müdafiədən oynayacaq. Ümumiyyətlə, elə o vaxtdan biz səfərdə oynayanda, müdafiədən oynayırdıq, əks-hücumlara çıxırdıq. Allah qoysa, “Neftçi” Yunanıstandan yaxşı nəticə ilə qayıdar, hamımız da bunu arzulayırıq. Tək “Neftçi” yox, “Qarabağ”, “Keşlə”, “Sumqayıt”ın da uğurlu çıxış etməsini arzulayırıq, hamısından yaxşı nəticə, yaxşı oyun gözləyirik.

 

- Yeri gəlmişkən, avrokuboklardakı təmsilçilərimizdən hansının növbəti mərhələ şanslarını daha yüksək görürsünüz?
- Elə sistem yaratdılar ki, bizim kimi ölkələrə sərf etməyən sistem oldu. Rəqib baxımından deyirəm. Sistem sanki zəif futbol ölkələrinin mübarizəni erkən yekunlaşdırması üçün yaradılıb. Özləri oynasınlar. Rəqiblər çox çətindi. İstənilən halda ümid edək ki, klublarımız uğurlu çıxış edəcək.

 

- Mahir Emrelinin Polşadakı çıxışını izləyirsiniz? 
- Yaxşı çıxış edir. Amma məşqdə və ya oyunda azca büdrədin, boşluq verdin, bağışlamırlar. Çünki arxasında dabanını tapdalayan futbolçular var. Ona görə hər an məşqlərdə və oyunlarda öz gücünü göstərməlidi. Ümid edək ki, uğurlu çıxışına davam edəcək. Futbolçularımız nə qədər çox xaricə getsə, bir o qədər yaxşıdır. 

 

- Milli komandamızın digər üzvü Bəhlul Mustafazadənin Avropaya yollanacağını gözlədiyimiz vaxtda, BƏƏ-yə yollanmasına reaksiyanız necə oldu?
- Mən Dubay klubunda oynamışam. Sadəcə rəhhmətlik Fuad Musayev transfer vərəqəmi vermədi deyə, rəsmi olaraq oynaya bilmədim. Vallah ərəblər də gəlib, bizi keçiblər. Bəhlula məsləhətim budu ki, hara gedirsə-getsin, bircə kənarda oynasın, Azərbaycanda oynamasın. 

 

- FİFA “Qarabağ”ın xorvatiyalı legioneri Filip Ozobiçin Azərbaycan millisində oynamasına icazə verib. Sizcə, o, millimizə necə kömək ola bilər?
- Ozobiçləri, Almeydaları, Qomeşləri, nə qədər legioneri gördük? Dərdimiz Ozobiçlə düzəlirsə, papaqlarını göyə tullasınlar. Ozobiçlə futbolumuz düzələcək? Bu qədər legioneri milliyə cəlb etməkdənsə, yerli futbolçuların inkişafını fikirləşsinlər. Ozobiç vaxtıdı? Aleksandr Çertoqanov, o birisi, bu birisi, hamısı gözümüzün qabağından keçib. Onlarla düzəlmir axı. Allah prezidentimizə can-sağlığı versin, nə qədər maliyyə ayırdı futbolumuza. Heç soruşan var, o qədər pulu nə etdilər? Ancaq legioner gətirirlər, kimə lazımdı axı? Baxan yox, nəzarət edən yoxdu. Dövlət futbola nə qədər pul ayırmalıdırki? Açıqlayırlar ki, 3 milyard pul xərclənib. A kişi, bu qiymətə camaat ayrıca kosmos açar. Orta məktəblərdə futbol dərsləri açılıb. Bu kimə lazımdı? Orta məktəbdə hansı mütəxəssis, hansı məşqçi var axı bu dərsləri keçsin? Kimə lazımdı bu?  Elxan Məmmədov demişdi ki, Almaniyada futbol məktəbi açmışıq. Almaniyadan gələn futbolçularımız hanı? Almaniyada futbol məktəbi yoxdu? Məktəbi orada açmaq lazım deyil, Gəncədə, Tovuzda, Şəmkirdə, Lənkəranda, Masallıda, harada futbol olub, orada açmaq lazımdı. Almaniyadan bura kim gələcək? Öz torpağımızda məktəb açmırlar, qalıb kənarda, gedib Almaniyada məktəb açırlar. Almaniyada mənə məktəb lazımdı? Onu da yaxşı dedilər. Heç bilmirdik. Düz deyirəm, düzünü deyən də düzdə qalır, elə qalmışıq. Getsinlər 11 Ozobiç gətirsinlər, qapıçı da daxil olmaqla. Düzələn də deyil. Fikirləşirdim ki, məndən sonra düzələr. Artıq 20 il keçib, hələ heç nə düzəlməyib. Bizim vaxtımızı xatırlayıram. İsgəndər Cavadov, Maşallah Əhmədov, Səmədağa Şıxlarov, Yunis Hüseynov, Mehman Allahverdiyev, İqor Ponomaryov, Əsgər Abdullayev, Novruz Əzimov, Şakir Qəribov kimi futbolçulardan öyrənə-öyrənə gəlmişdik. Bizdən sonra Zaur Tağızadə, Kamal Quliyev, Ceyhun Sultanov, Zaur İsmayılov, Aslan Kərimov gəldi. Bizdən də öyrənə-öyrənə gəldilər, sonra tendensiya pozuldu. Pul görən kimi, biri ora qaçdı, biri bura qaçdı, gedin oynayın da. Pul futbol oynamır. Dövlət 2005-ci ildən pul ayırırdı, nə qədər pul ayırsın? Türkiyədə dövlət futbola 10 illik proqramla pul ayırmağa başladı, heç 10 il çəkmədi, millisi getdi Dünya çempionatında üçüncü yeri tutdu, “Qalatasaray” UEFA kubokunu qazandı. Bizim futbola 10 il pul ayırdılar, bilmək olmadı hara getdi, necə oldu? Həmişə Türkiyə ilə müqayisə edirəm, çünki bizə yaxındı, can qardaşlarımızdı. Onlarla müqayisə edirəm ki, heç olmasa onların tutduğu yolla getsinlər. Getdilər, bir dəfə alman, bir dəfə niderlandlı, bir dəfə italyan gətirdilər. Bir dəfə bilinmədi ki, millimiz hansı futbolu oynayacaq? Nəysə, necə olacaq Allah bilir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right