"Çempionluq haqqımız idi. Çox sevinirəm kim, ardıcıl ikinci il Azərbaycanın ən güclü komandası olduq.Yeni mövsümdə də avrokubokdakı uğurlarımızı təkrarlamağa hazırıq. Növbəti mövsüm də iddialı olacağıq. Bizimlə eyni qrupda mübarizə aparan "Dnepr" Avropa Liqasında finala yüksəldi. Biz də uğur qazanmaq üçün əlimizdən gələni edəcəyik. Bu mövsümlə müqayisədə indi daha təcrübəliyik".
Bu sözləri Newsport.az-a "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl Azərbaycan Premyer Liqasının 35-ci turunda "İnter"lə matçdan (1:2) sonra deyib.
O, bu gün Bakı "İnter"indən transfer etdikləri fubolçular - Elvin Məmmədov və Coşqun Diniyev haqda da danışıb:
"Yerli oyunçuları transfer etməyimiz məni çox sevindir. Elvin hücumda da komandaya kömək edəcək. Onun bu gün "İnter"in ikinci qolunda böyük rolu oldu. Ümid edirəm ki, "Qarabağ"da da gözəl oyun nümayiş etdirəcək. Hər iki futbolçu ilə güclənəcəyik. "Qarabağ"ın ehtiyat qüvvəyə ehtiyacı var".
T.Gözəl Binəqədidə 16 mərtəbəli binada baş vermiş yanğına da münasibət bildirib :"Azərbaycan xalqına səbr, ölənlərə də Allahdan rəhmət diləyirəm."Ümid edirəm ki, "Qarabağ"ın bu zəfəri Bakıda baş vermiş bina yanğınında dünyasını dəyişmiş insanların yaxınlarının yarasına hardasa məlhəm olar".